Siyasətdə populizm bəzi hallarda işə yarayır. Amma dövlət idarəçiliyində populizm ölkəni məhvə aparır. Ona görə də Ermənistanı yaxın perspektivdə yaxşı heç nə gözləmir. Bunu təkcə biz demirik, ermənilər də etiraf edir. Məsələn, milliyyətcə erməni olan rusiyalı jurnalist, RT telekanalının baş redaktoru Marqarita Simonyan deyir ki, Paşinyan hakimiyyətdə qalarsa, Ermənistan 5 il ərzində yoxa çıxacaq:
“Çünki, Paşinyan satqındır. Ona görə də mənimçün Ermənistan artıq mövcud deyil, Yaxın gələcəkdə isə bunu bütün ermənilər görəcək”.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan: “Ermənistanın hazırda KTMT-də daimi nümayəndəsi yoxdur”
Məsələ ondadır ki, Paşinyan kreslosunu qorumaq üçün siyasi manipulyasiyalar edir, hər auditoriyaya uyğun bir fikir söyləyir. Sonda isə söylənilən fikirlərin heç biri üst-üstə düşmür. Bu isə təkcə Paşinyanı yox, Ermənistan dövlətini və erməni xalqını geridönüşü olmayan labirintə soxur.
Ermənistanın KTMT manipuliyasiyası
Son günlər Ermənistanla bağlı gündəmi zəbt edən əsas məsələ Ermənistanın KTMT-də çıxdığı barədə Paşinyanın və onun komandasının söylədiyi fikirləridir. Erməni siyasətçiləri iddia edir ki, Ermənistan üçün KTMT artıq keçmişdə qalıb və onlar yeni hərbi müttəfiqlər axtarırlar.
Təbii ki, baş nazir və spiker səviyyəsində bu cür fikirlərin səsləndirilməsi gülüş doğurur. Çünki dövlət hansısa təşkilata üzv olursa, həmin təşkilatlar qarşısında müəyyən öhdəliklər götürür. Bu öhdəliklər də imkan vermir ki, üzv dövlət kefi istəyəndə həmin təşkilatdan çıxsın. Bunun üçün ən azından zəruri hüquqi prosedur keçilməlidir. Amma Ermənistanın siyasi hakimiyyəti heç bir hüquqi prosedur keçmədən deyir ki, “bizim üçün KTMT artıq keçmişdə qalıb”.
Bununsa bir adı var: Siyasi savadsızlıq
Siyasi savadı olan heç bir dövlət rəsmisi hüquqi addım atmadan belə bir bəyanat verə bilməz. Əgər Ermənistan bu təşkilatdan çıxmaq istəyirsə, bunun üçün rəsmi müracət olmalıdır. Eyni zamanda, üzvlükdən çıxmanın siyasi və hüquqi əsasları göstərilməlidir. Yalnız bundan sonra təşkilatın üzv dövlətlərinin birgə rəyi əsasında hansısa dövlət həmin təşkilatın üzvlüyündən azad edilir.
Amma Ermənistan höküməti üzvlükdən çıxmaq üçün hələki hər hansı bir müracət ünvanlamayıb. Üstəlik, Ermənistanin 2027-ci ilə qədər KTMT-yə üzvüdür. Hazırda qurumun sədrliyi də məhz Ermənistandadır. Ən əsası Nikol Paşinyan hal-hazırda KTMT hərbi ittifaqın sədridir. Onun sədrlik səlahiyyəti də məhz 2027-ci ildə başa çatacaq.
Belə bir vəziyyətdə Ermənistan rəsmilərinin sərsəm fikirləri ancaq gülüş doğurur və bu ölkənin siyasi rəhbərliyinin qeyri ciddi şəxslər olması qənaətini yaradır. Paşinyan ilk növbədə öz vəzifəsindən imtina etməlidir və bununla paralel ölkəsinin təşkilatdan çıxması barədə rəsmi müraciət etməlidir.
KTMT-dən imtina edən Ermənistan Aİİ-dən niyə çıxmır?
Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür. İttifaq üzvləri KTMT üzvləri ilə eyni dövlətlərdir. Bəs, Paşinyan Aİİ-dən niyə imtina etmir?
Əlbəttə ki, bu suala heç Paşinyan özü də cavab verə bilməz. Çünki Ermənistanın xarici ticarət dövriyyəsinin 80 faizi məhz Aİİ dövlətləri ilədir. Bu da o deməkdir ki, Ermənistanı KTMT ilə təkcə hərbi maraqlar yox, həm də iqtisadi maraqlar bağlayır.
Lakin nədənsə Paşinyan “köhnə dostlar”la hərbi ittifaqı pozmaq istəsə də, iqtisadi əlaqələrin qalmasında maraqlıdır. Bu isə heç bir məntiqə sığmır. Ermənistan KTMT-dən çıxırsa Aİİ-dən də çıxmalıdır. Məsələ bu qədər sadədir.
“Çıxdım” deməklə iş bitmir…
Ermənistan mətbuatına müsahibəsində siyasi elmlər doktoru, milli təhlükəsizlik üzrə ekspert Qraçya Arzumanyan deyir ki, Nikol Paşinyan mənasız sözlər danışır: “Necə yəni “KTMT-də fəaliyyətimizi “dondururuq”?! Bu təşkilata üzv olan və üzv olmayan ölkələr var. Ermənistan da KTMT-nin üzvü olmaqda davam edir. Ona görə də bu bəyanata ciddi yanaşmağın mənası yoxdur”.
Göründüyü kimi hətta ermənilər özləri də Paşinyanın sərsəmlədiyini deyir.
Bəs, Paşinyan nə istəyir?
Paşinyanın komandası Qərbin şirin vədlərinə aldanıb Rusiyadan üz çevirir. Əslində bu faktın özü də Ermənistana yaxşı heç nə vəd etmir. Ermənistanın Sankt-Peterburqdakı keçmiş baş konsulu, Daşnaksütyunun nümayəndəsi Qrayr Karapetyan deyir ki, Ermənistana qarşı atılan addımlar Aİ-nin Cənubi Qafqazda möhkəmlənməsi məqsədini daşıyır:
“Avropa İttifaqı getdikcə daha çox Ermənistanı öz təsir orbitinə çəkməyə və eyni zamanda Rusiyanın regionda təsirini zəiflətməyə çalışır. Amma avropalılar heç zaman gəlib ermənilər üçün vuruşmayacaqlar”.
Təbii ki, bunu Paşinyan da bilir. Ancaq kreslosunu qorumaq üçün Qərbin boyunduruğundan çıxa bilmir. Nəzərə alaq ki, Paşinyanın şəxsinə Rusiyanın münasibəti birmənalı deyil. Ona görə də erməni baş nazir kreslosunu qorumaq üçün Qərbə sığınıb.
Qərbsə Paşinyanın kresloda daha bir müddət oturması üçün müəyyən şərtlər irəli sürüb. Bu şərtin məzmunu da ondan ibarətdir ki, Qərb Ermənistan vasitəsi ilə Cənubi Qafqaza soxulmaq istəyir.
Ermənistan KTMT-dən “inciməkdə” nə qədər haqlıdır?
Bəri başdan deyək ki, hazırkı vəziyyətdə KTMT üzvü kimi öhdəlikləri pozan tərəf yalnız Ermənistandır. Çünki təşkilata üzv ölkələr hər hansı başqa bir hərbi ittifaqa və ya ölkə qruplarına qoşula bilməz, həmçinin üzv ölkələrdən hansısa birinə qarşı təhlükə yaranacağı təqdirdə bu təşkilata üzv olan digər ölkələrə qarşı da aqresiya kimi qəbul edilir.
Üçüncü ölkəyə məxsus hərbi bazaların hər hansı KTMT üzvü olan dövlətdə yerləşdirilməsi üçün mütləq təşkilatın qalan bütün üzvlərinin rəsmi şəkildə razılığı olmalıdır.
Bax, Ermənistan təşkilat qarşısında bu öhdəliyi pozub. Bütün bunlardan sonra rəsmi İrəvanın KTMT-yə “naz eləməsi” heç cür başa düşülmür.
Surxay Atakişiyev, Bizim.Media