Məhsul bol, qiymətlər ucuz… - Üzümümüz niyə xarici bazara çıxa bilmir?

Hazırda oxunan: Məhsul bol, qiymətlər ucuz… - Üzümümüz niyə xarici bazara çıxa bilmir?

180425

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2023-cü ilin dekabr ayına qədər respublika üzrə 15766.7 hektar sahədə üzüm sahəsi əkilib. 2022-ci ilin müvafiq dövründə də üzüm əkilən sahələrin həcmi eyni olub.

Məhsuldarlıq necədir?

Ötən ilin eyni dövründə ölkə üzrə 222 milyon 873,0 ton məhsul toplanılıb ki, bu da 2022-ci ilin 11 ayı ilə müqayisədə 11 min 217,6 ton və ya 5,03 faiz çoxdur. Belə ki, 2022-ci il ərzində ölkə üzrə 211655.4 ton məhsul əldə edilib.

Qeyd edək ki, üzüm sahələri Bakı şəhəri daxil olmaqla, ölkənin bütün iqtisadi rayonlarında mövcuddur.

İş orasındadır ki, bəzi rayonlarda çox az məhsuldarlıq əldə olunub. Belə ki, Pirallahı rayonu üzrə ötən ilin 11 ayı ərzində 104,4 ton, Quba rayonu üzrə 85.5 ton, Mingəçevir şəhəri üzrə 18.9 ton, Göyçay üzrə 631,0 ton, Ucar üzrə 179,0 ton, Zərdab rayonu üzrə 237 ton, İmişli üzrə 196,0 ton, Balakən üzrə isə 324.0 ton üzüm məhsulu toplanılıb.

Fermerlər nədən narazıdır?

Qeyd edək ki, son vaxtlar bəzi rayonlarda üzümçülüklə məşğul olan fermerlər yığımdan və satışdan narazlıq etməyə başlayıblar. Fermerləin çoxu məhsuldarlığın bol olduğunu, ancaq alıcılıq qabiliyyətinin aşağı olduğunu bildirirlər.

Bəzilərinin dediyinə görə, şərab emalı zavodları bu məhsulları almaq üçün hələ də müraciət etməyiblər. Səbəbləri isə bəlli deyil. Satış mövsümü dövründə daxili bazarda üzümün növündən və sortundan asılı olaraq 1 kiloqramı 0.90-1.10 manat arasında satılıb ki, bu da çəkilən xərci ödəməyib.

Xüsusilə də texniki üzüm sortlarının satışında yaranan çətinlikləri dilə gətirən sahibkarlar bildirirlər ki, heç olmasa, hər iqtisadi rayon üzrə 1-2 soyuducu anbar yaradılsa, bütün sort məhsullarını orda toplayar və məhv olmaqdan qoruyarlar. Ancaq bu olmadığı üçün min tonlarla məhsul elə bağlarda məhv olur və bu da onlar üçün böyük maliyyə itkilərinə gətirib çıxarır.

Problemin səbəbi nədir?

Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Akif Nəsirli də fermerlərin əsas narazılığının məhsuldarlıqla deyil, satışın aşağı olması ilə bağlı olduğunu bildirdi.

Fikrini də belə əsaslandırdı ki, hazırda məhsul maya dəyərindən bir neçə dəfə aşağı qiymətə satılır:

“Bunun səbəbi də bəllidir. Azərbaycanda əvvəllər mövcud olmuş üzüm bağlarının və məhsulu qəbul edən şərab zavodlarının böyük əksəriyyəti artıq yoxdur. Son 15 il ərzində bir neçə dəfə şərabçılığı dirçəltməyə və dünya bazarına şərab satmağa çalışdılar, ancaq həyata keçirə bilmədilər.

Çünki dünya şərab istehsalçılarının bizdən fərqi odur ki, onlar artıq brendlərini yaradıblar. Hətta çəkdikləri roliklərində və filmlərində bu brendləri yüksək səviyyədə reklam edirlər”.

Azərbaycanda yeni brendlər yarada bilmədilər, bu da…

Ekspertin sözlərinə görə, müstəqilliyin ilk illərində şərabçılıq infrastrukturunu qoruyub saxlamaq üçün lazımi addımlar atılmayıb:

“Buna görə də proseslərə sıfırdan başlamaq lazımdır. Bunun üçün də dövlət dəstəyinə ehtiyac var. Dünyaya şərab satmaq üçün əvvəlcə cəlbedici ssenarilər yazılmalı, qısa və böyük metrajlı filmlər, reklam rolikləri çəkilməli, sonra isə dünyaya nümayiş olunmalıdır. Eyni zamanda, şərabçılıq müəssisələrinin sayı artırılmalı, yeni şərab brendləri yaradılmalıdır”.

Bəs nə etməli?

Ekspert düşünür ki, müəssisə rəhbərləri beynəlxalq şirkətlərdən nümayəndələr dəvət etməli, birlikdə təqdimatlar hazırlamalı və müasir texnologiyaların tətbiqinə üstünlük verilməlidir:

“Yalnız bu proseslərdən sonra dünya bazarı bizim şərab məhsullarımızı qəbul edə bilər. Beləliklə də ölkəmizdə texniki üzüm sortlarına ehtiyac yaranacaq, fermerlərimizin işləri qaydasına düşəcək. Onlar bu potensialdan istifadə edərək yeni üzüm bağları sala və böyük gəlirlər əldə edə bilərlər. İstehlak üçün lazım olan üzüm sortları isə çox məhsuldardır və təkcə bir rayondan toplanan məhsul bütün respublikanın daxili tələbatını ödəməyə qadirdir”.

Son illərdə üzümün meyvə şəklində ixracının demək olar ki, tamamilə dayandığını təsdiq edən müsahibimizin dediyinə görə, çox az miqdarda məhsul Rusiyaya göndərilir:

“Bu məhsulu meyvə şəklində ixrac etmək ciddi problem yaradır. Ona görə ki, ölkəmizdə yetişdirilən sortlar vaqonlara yükləndikdən qısa müddət sonra xarab olur. Bunun üçün də soyuducu vaqonlara ehtiyac var. Ancaq onlar baha başa gəldiyi üçün üzümün şərab kimi istehsal olunması və ixracı üzərində düşünmək lazımdır”.

Rövşən Ziya, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin