Azərbaycanda qohum evliliyinə QADAĞA qoyulacaq? – Komitə sədrindən AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda qohum evliliyinə QADAĞA qoyulacaq? – Komitə sədrindən AÇIQLAMA

180404

Yaxın qohumlar arasında evlilik hələ də aktual məsələlərdəndir. Hər il ölkəmizdə neçə-neçə insan yaxın qohumu ilə ailə qurur və bunun fəsadlarını yaşayır. Müşahidələr göstərir ki, Azərbaycanda qohum evliliklərində qüsurlu uşaqların sayı artıb. Qan bağı olan şəxslərin izdivacı  gələcək nəsildə bir sıra fəsadların meydana çıxmasına səbəb olur.

Artıq dünyanın bir çox ölkələrində məlum təhlükə ilə bağlı addımlar atılır. Çin, Yaponiya, ABŞ, Böyük Britaniya, İsveçrə, Türkiyə, Ukrayna, İrlandiya, Cənubi Koreya, Yeni Zelandiya, Tacikistan və s. ölkələrdə qohum evliliklərinə qadağa qoyulub.

Bəs, Azərbaycanda bu evliliyə qadağa qoyula bilərmi?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə görə, qadağa əvəzinə maarifləndirmə və təşviqat işlərinin gücləndirilməsi vacibdir:

“Müasir dövrdə bir çox ölkələrdə qohum nikahları sayının azalması tendensiyalarına baxmayaraq, belə ailələrdə doğulan uşaqların sağlamlıq problemlərinin mümkün riski səbəbindən bu problem aktual olaraq qalır.  Belə ki, sosial-iqtisadi proseslər nəticəsində cəmiyyətlərdə immiqrasiyanın artması, təhsil səviyyəsinin yüksəlməsinin qohum evliliklərinin sayının azalmasına təsir edəcəyi düşünülsə də, lakin hələ də dünyanın bir çox yerində qohum nikahları mövcuddur.

Əfsuslar olsun ki, Azərbaycanda da qohum evlilikləri var. Əlbəttə ki, qohum nikahlarının mənfi fəsadları var və bir çox hallarda bu fəsadların ağır nəticələri olur. Milli qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının Ailə Məcəlləsində hansı hallarda qohumlar evlənə bilməz.
Məcəllənin 12-ci maddəsinə əsasən, yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar) övladlığa götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına yol verilmir”.

Deputat qeyd edib ki, nikaha girən cütlüklərin bir-birinin sağlamlığı, xüsusi ilə genetik və irsi xəstəlikləri haqqında məlumatlı olması mühüm əhəmiyyət kəsb edir:

“Bu tərəflərinin biri-birini ittiham etməsinin, məsuliyyətin və ya “günahın” qarşı tərəfdə olduğunu iddia etməsinin qarşısının alınmasına, gələcəkdə doğulan uşaqların sağlamlığına, eləcə də ailədaxili münasibətlərin tənzimlənməsinə təsir göstərir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununa əsasən nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələb 2015-ci il yanvarın 1-dən qüvvəyə minib.

Qanunda Ailə Məcəlləsinin 13-cü maddəsi (Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi) yeni redaksiyada verilib. Bu dəyişiklikdən əvvəl nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməsi könüllülük əsasında həyata keçirilirdi. Artıq qanun qüvvəyə mindikdən sonra bu məsələ icbari xarakter aldı”.

“Əsas məsələ insanların dünyagörüşüdür”

Deputat həmçinin əlavə edib ki, 2005-ci ildə “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, "Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edilib:

“Eyni zamanda, bir sıra irsi xəstəliklərlə bağlı dövlət Proqramları qəbul olunub. Qeyd edim ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin millət vəkillərinin, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin nümayəndələri ilə keçirdiyi bir sıra ictimai dinləmələrdə  qohum nikahları, onun yaratdığı fəsadlar müzakirə edilib.

Hər birimiz yaxşı dərk edirik ki, burada əsas məsələ insanların dünyagörüşü, bu məsələyə münasibətidir. Biz ilk növbədə ictimai rəyi öyrənməli, təhlillər aparmalı, beynəlxalq təcrübəni araşdırmalıyıq. Maarifləndirmə və təşviqat işlərini gücləndirməliyik. Qohum nikahlarının ağır nəticələri və onunla mübarizə yolları geniş ictimaiyyət tərəfindən müzakirə olunmalıdır”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin