Ebtesam Al-Ketbi: “Azərbaycan COP29-a layiqli ev sahibliyi edəcək” – EKSKLÜZİV 

Hazırda oxunan: Ebtesam Al-Ketbi: “Azərbaycan COP29-a layiqli ev sahibliyi edəcək” – EKSKLÜZİV 

180397

“COP29-a ev sahibliyi etmək Azərbaycan üçün mühüm hadisədir. Bu, neft hasil edən ölkə üçün iqlim gündəmini irəli aparmaq və tədricən karbonsuzlaşma prosesini davam etdirmək üçün bir fürsətdir”.

Bu fikirləri Bizim.Media-ya özəl açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Emirates Siyasət Mərkəzinin (EPC) Prezidenti Ebtesam Al-Ketbi deyib.

“İqlim sammitinin Azərbaycanda keçirilməsinin əhəmiyyəti böyükdür”

“İqlim gündəliyi dünyanın ən kritik problemlərindən birinə çevrildiyi üçün beynəlxalq ictimaiyyətin prioritetləri siyahısında birinci yerdədir. İqlim dəyişikliyi səbəbindən yaranan quraqlıq, daşqınlar, gözlənilməz meşə yanğınları və enerji çirklənmələrindən qaynaqlanan təhdidlərin qarşısını almaq üçün kollektiv səylərə ehtiyac duyulur.

İqlim sammitinin bu il Azərbaycanda keçirilməsinin əhəmiyyəti böyükdür. Zamanın tələbi təmiz və bərpa olunan enerjiyə doğru irəliləmək istiqamətində addımlar atmaqdır”, - deyə Ebtesam Al-Ketbi qeyd edib.

“2050-ci ilə qədər...”

“BƏƏ COP28-də karbon emissiyalarının azaldılmasını nəzərdə tutan Sənaye Dekarbonizasiyası üçün Yol Xəritəsini açıqladı. Yol Xəritəsində karbontutma, utilizasiya və saxlama həlləri ilə bağlı variantları həyata keçirməklə sənaye sektorunda emissiyaları ildə 90 milyon ton və 2050-ci ilə qədər ümumi olaraq 2,9 gigaton azaltmaq hədəflənir.

Yol Xəritəsi həmçinin emissiyaların azaldılması problemi ilə üzləşən ölkələrin sənayelərində təmiz enerji həllərinin tətbiqinə yol açdı. Bundan əlavə, konfrans qlobal istiləşməni sənayedən əvvəlki səviyyədən, yəni 1,5°C-dən çox olmamaq şərti ilə məhdudlaşdırmaq üzrə beynəlxalq öhdəliyi təmin etdi”.

Azərbaycanla BƏƏ arasında “yaşıl enerji” əməkdaşlığı

Xanım Ebtesam Al-Ketbi həmçinin bildirib ki, iki ölkə: Azərbaycan və BƏƏ yaşıl enerji, eləcə də dünyamızı təhdid edən və dəyişdirilməsi vacib olan yeni iqlim qaydaları haqqında yaxından əməkdaşlıq edir:

“Bu əməkdaşlıq sözügedən ölkələrin müasir dünyanın ən böyük təhdidi olan iqlim dəyişikliklərinə qarşı mübrizədə nə qədər önəmli addımlar atdığından xəbər verir.
“Abu Dhabi Future Energy Company” (Masdar) Azərbaycanda Qaradağ Günəş Fotovoltaik (PV) zavodunun açılışını edib. 230 meqavatlıq (MWac) bu Günəş Elektrik Stansiyası regionun ən böyük günəş stansiyası və ölkənin ilk xarici investisiyaya əsaslanan müstəqil kommunal miqyaslı günəş enerjisi layihəsidir.

Enerji təhlükəsizliyini təmin etmək üçün BƏƏ və Azərbaycan enerji kompleksini şaxələndirmək və bərpa olunan enerji vasitəsilə aşağı və sıfır karbon həlləri hazırlamaq üçün əməkdaşlığı artıra bilər. 2024-cü ilin yanvarında BƏƏ və Azərbaycan Prezidentlərinin bir araya gəldiyi Bakıda keçirilən sammitdə bərpa olunan enerji, ekoloji fəaliyyət, davamlı inkişaf və ərzaq təhlükəsizliyi əsas prioritetlər olub. Sammit zamanı iki ölkə arasında bir sıra memorandumlar, o cümlədən təmiz enerjinin ixracı üzrə strateji əməkdaşlıq sazişi və bərpa olunan enerji layihələrinin həyata keçirilməsi üçün yol xəritəsi imzalanıb”.

Yol xəritəsi ilə bağlı Azərbaycan və BƏƏ-nin birgə atdığı imzalar yeni dünya nizamı baxımından da önəmli hesab edilir.

“Bu, hər iki ölkə üçün yaşıl enerji və davamlı iqtisadiyyatları fəal şəkildə təşviq etmək üçün əhəmiyyətli fürsət yaradır. Hər iki tərəf iqlim fəaliyyətində təcrübə mübadiləsi apara, ekoloji cəhətdən təmiz layihələr üzrə əməkdaşlığı inkişaf etdirə və qalıq yanacaqlardan məqsədyönlü və sürətli keçid üçün Qafqaz regionunda qabaqcıl model rolunu oynaya bilərlər.

Azərbaycan BƏƏ və digər dost ölkələrlə tərəfdaşlıq çərçivəsində bu keçidi həyata keçirməyə hazırdır. BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycanın COP29-a ev sahibliyi etməsinin qlobal iqlim təşəbbüslərində konkret tədbirləri sürətləndirəcəyinə və iqlim dəyişikliyinin yaratdığı problemlərin həllinə, bütün dünyada davamlı iqtisadi və sosial inkişafı dəstəkləyəcəyinə nikbin yanaşıb”.

“Azərbaycanla əməkdaşlıq bundan sonra da davam edəcək”

Birləşmiş Ərəb Əmirliklərinin Qafqaz regionuna xüsusi önəm verdiyini diqqətə çatdıran EPC prezidenti, əməkdaşlığın bundan sonrada davam edəcəyinə, Azərbaycanın COP29-a layiqli ev sahibliyi edəcəyinə əminliyini ifadə edib:

“BƏƏ Qafqaz regionunda sabitliyə, sülhə və inkişafa mühüm əhəmiyyət verir. BƏƏ regionun bütün ölkələri ilə əməkdaşlığın və tərəfdaşlıq əlaqələrinin gücləndirilməsini hədəfləyir. Ölkəmizin əsas diqqəti isə Azərbaycana yönəldib. Bundan əlavə, Əbu-Dabi Bakı ilə strateji tərəfdaşlığı möhkəmləndirmək niyyətindədir.

Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşarkən, davamlı iqlim maliyyələşdirməsinə üstünlük vermək və ölkələrin İtki və Zərər Fonduna verdiyi öhdəliklər və töhfələr arasında körpü yaratmaq çox vacibdir. Texnoloji yeniliklər qlobal arenada qütbləşmə və qarşıdurma dinamikası ilə bağlı regional və beynəlxalq əməkdaşlığı önə çıxararaq, alternativ enerji mənbələrinin genişləndirilməsində mühüm rol oynaya bilər”, - deyə EPC prezidenti Ebtesam Al-Ketbi əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin