Qəhrəmanlıq hekayəsini özündə yaşadan ŞƏHİD ÇƏKMƏLƏRİ...

Hazırda oxunan: Qəhrəmanlıq hekayəsini özündə yaşadan ŞƏHİD ÇƏKMƏLƏRİ...

179997

Sizə təqdim etdiyimiz əsgər çəkmələri Ağdam rayonunda yerləşən muzeylərdən birində qorunub saxlanılır. Çəkmə, Ağdamdan olan şəhid Samir Abdinovundur. 

"Azərbaycan Bayrağı" ordenli Samir bu çəkmələrlə Xocalı sakinlərinin köməyinə gedib. Düşmənin atəş pərdəsi ilə hasara aldığı ərzindən neçə insanı xilas edənlərdən biri olub. O, xilas etdiyi ailələrdən birinin sözün əsl mənasında ayaqyalın, başıaçıq olduğunu görür. Samir öz çəkməsini qucağı körpəli gəlinin ayağına geyindirir.

"Buşlat"ını isə çıxararaq qadının qucağındakı uşağı bükür və qucağına alaraq döyüş meydanından sağ-salamat qurtarır...

Azərbaycanın ərazi bütövlüyü uğrunda baş tutan növbəti döyüş əməliyyatlarından birində Samir şəhid olur. İllər sonra isə çəkməsini verib, özü ayaqyalın uzun məsafə qət edərək xilas etdiyi qadın həmin çəkmələri sahibinə qaytarmaq istəyir. Lakin o Samirin şəhid olduğundan xəbərsiz olur. 

Qəhrəman oğlunun illər sonra gördüyü çəkməsini şəhidin anası qəbul edib, Mahrızlı kəndində yerləşən Döyüş Şöhrəti Muzeyinə verir. Bir tarixin cəmi bir səhnəsini özündə əks etdirən çəkmələr Xocalı cinayətini xatırladan maddi sübutlardan biridir. Həm də bir qəhrəmanlıq hekayəsinin bir elementi... 

Bu gün Xocalı adlı faciəmizin il dönümü günüdür. 32 ildir bəlkə də hər gün ən azı iki dəfə xatırladığımız müsibəti bu il biraz fərqli qeyd edirik. Əvvəllər hər dəqiqəsində iztirab, zülm, insanlıq əlehinə törədilmiş ağır cinayətlərin olduğu hadisənin içərisində Azərbaycan əsgərinin qəhrəmanlığını qələmə alıb dilə gətirmək olmurdu. 

Ancaq gördüyünüz bu çəkmələr minlərlə igidi qisas ruhu, düşmənə nifrət hissi ilə böyütdü. Ayağı o çəkmələr boyda böyüyən uşaqlar xocalıların xilas yolu ilə, Ağdamdan Xocalıya doğru hərəkət edib müqəddəs torpaqları azad etdi. Biz Azərbaycan dövləti olaraq faciəmizin 32-ci il dönümündə ən ali səviyyədə o torpaqları ziyarət edib Xocalı memorialının təməlini qoyuruq. 

Bəli, Xocalı azaddır! 

İndi 26 fevral tarixinin ağırlığının, kədərinin, hüznünün çöhrəsində təskinlik boy göstərir. İşin ən qürurlu tərəfi ondan ibarətdir ki, biz qanımızla sulanmış Xocalı torpaqlarına 32-ci baharda dönəcəyik. Xocalı isə 31 il sonra ən ən gözəl baharını qarşılamağa hazırlaşır. Tikinti-quruculuq işləri aparılır...

Bütün bunların fonunda əminliklə demək olar ki, Xocalı kədərinin çöhrəsindən bir təskinlik boylanır...

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin