Azərbaycan Premyer Liqasında XXIV tur davam edir.
Bizim.Media xəbər verir ki, günün ilk oyunu “Dalğa Arena”da keçirilib.
“Araz-Naxçıvan” onu cəmi 1 xal qabaqlayan “Zirə”ni qəbul edib. Qəsəbə komandası səfərdən qalibiyyətlə dönməyə müvəffəq olub. Naxçıvan təmsilçisinin braziliyalı yarımmüdafiəçisi Vanderson Melo əvvəlcə 20-ci dəqiqədə avtoqol müəllifi olub. 74-cü dəqiqədə Rəhim Sadıxov ev sahiblərini ikinci dəfə mərkəzə dəvət edib. Cəmi 3 dəqiqə sonra bu dəfə Rafael Utziq adını tabloya yazdırıb.
Nəticədə “Zirə” rəqibini 3:0 hesabı ilə məğlub edib. Beləliklə, Rəşad Sadıqovun yetirmələri çempionatda 10 oyunluq qələbə həsrətinə son qoyublar. Bakılılar axırıncı dəfə ötən ilin noyabrında - 3 ay əvvəl 3 xal sevinci yaşamışdılar.
Bununla xallarının sayını 35-ə çatdıran “Zirə” turnir cədvəlinin dördüncü pilləsində qərarlaşır. “Araz-Naxçıvan” isə 31 xalla səkkizincidir.
Qeyd edək ki, fevralın 23-24-də keçirilən oyunlarda “Kəpəz” “Qəbələ”ni (2:1), “Səbail” “Sabah”ı (2:0) məğlub edib, “Turan Tovuz”la “Neftçi” (1:1) bərabərə qalıblar. Tura bu gün baş tutacaq “Qarabağ” - “Sumqayıt” qarşılaşması ilə yekun vurulacaq.
Bizim.Media