Azərbaycanın enerji bazarında “YAŞIL HƏFTƏ” – İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: Azərbaycanın enerji bazarında “YAŞIL HƏFTƏ” – İlham Şabanın ŞƏRHİ

179656

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Bu həftəni Azərbaycanın enerji bazarı üçün yaşıl həftə adlandıra bilərik. Çünki həftə başlayandan bitənədək gündəlik həyatımızda yaşıl enerji xəbərləri kifayət qədər bol olub. Amma onları təhlil etməzdən əvvəl Azərbaycan neftinin qiymətinə nəzər yetirək.

“Azeri Light” qiyməti

Cari il üçün Azərbaycan neftinin satış dinamikasına nəzər yetirsək görərik ki, ilin elə ilk günlərindən indiyə qədər qiymət hər barel üçün 80 dollardan baha satılıb. Bu həftə isə neftimiz 85-90 dollar dəhlizində ticarət edilib. Özü də ən baha partiyası həftə sonu 88,14 dollara satılıb.

Düzdür, bu qiymətlər CİF müqavilə tipi üçündür, yəni Ceyhandan tankerlə daşıma və sığorta xərcləri də ona daxildir. O xərcləri çıxsaq, onda qiymət təqribən 1,5 dollar azalmış olar. Amma istənilən halda yüksək qiymətlərdir. Çünki cari ilin icmal büdcəsində neftimizin ixrac qiyməti orta hesabla 60 dollardan hesablanıb. İlin əvvəlindən bərqərar olmuş qiymətlər isə proqnoz göstəricilərindən təqribən 38% çoxdur. Bu isə büdcə gəlirlərinin artımına, hökumətin işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin masştabını genişləndirməyə əlavə imkanlar açır.

Azərbaycan-ABŞ enerji əlaqələri

Həftənin əvvəlində Azərbaycan energetika nazirliyinin nümayəndə heyəti Okeanın o tayına səfər edərək ölkəmizin ənənəvi enerji üzərindən yaşıl enerjiyə keçid məsələlərini müzakirə etmişdilərsə, həftə sonu artıq Azərbaycan paytaxtına ABŞ-ın İqlim Məsələləri üzrə xüsusi elçisinin müavini Syu Biniazini təşrif buyurdu.

Səfər zamanı ABŞ rəsmisinin Bakıda COP29-un uğurla keçirilməsinə rəsmi Vaşinqtonun dəstəyini vurğulamaq üçün Azərbaycanda hökumət rəsmiləri ilə görüşlərilə yanaşı, həmçinin ADA Universitetində iqlim böhranının həlli üçün beynəlxalq əməkdaşlığa dair tədbirdə çıxışı da yer aldı.

Azərbaycanın energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-a səfəri isə daha əhatəli idi. Özü də görüşlər həm ABŞ-ın söz sahibi olduğu, dünyanın ən nüfuzlu maliyyə qurumu hesab edilən Dünya Bankında, həm Dövlət Departamentində, həm də Ağ Ev rəsmiləri ilə aparıldı. Həmçinin ABŞ-ın nüfuzlu beyin mərkəzi hesab edilən “Atlanta Şurası”nda da Azərbaycan-Amerika enerji münasibətlərinə dair fikir mübadiləsi edildi.

Dünya Bankı ilə keçirilən görüşdə vitse-prezident Antonella Bassani bildirib ki, Azərbaycanın “yaşıl enerji” keçidi üzrə nailiyyətlərinin artırılmasına dəstək verməyə hazırdır. Həmçinin Dünya Bankı COP-a sədrlik edən ölkə olaraq Azərbaycana “yaşıl enerji keçidi” üzrə əldə etdiyi irəliləyişləri nümayiş etdirməkdə, birgə layihələrin tezliklə reallaşmasında və iddialı islahat gündəliyinin icrasında kömək etməyə hazır olduğunu da dilə gətirib.

Öz növbəsində Azərbaycan tərəfi maraqlı bir detalı açıqlayıb. Bildirilib ki, Dünya Bankının və digər potensial tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyalarının istismara verilməsi prosesinin intensivləşdirilməsi və bu məqsədlə maliyyə dəstəyinin tezləşdirilməsi ölkəmizin bərpa olunan enerji ilə bağlı hədəflərinin reallaşdırılması üçün mühüm əhəmiyyət daşıyır. Yəni diplomatikcəsinə deyilir ki, yaşıllaşma kapital tələb edir, onun sürətini artırmaq üçün gərək Sizlərdən də hərəkət ola. 

Bəs nə qədər realdır ki, cəmi 3 il sonra Azərbaycanda alternativ enerji mənbələrindən 8 iri elektrik stansiyasının istismara verilməsi? Buna bir qədər sonra qayıdacağıq. Hələlik Vaşinqtonda keçirilən digər görüşlərə də nəzər yetirək.

Dövlət Departamentində ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Rik Dyuk ilə görüşdə energetika naziri Pərviz Şahbazov Azərbaycanın “yaşıl inkişaf”ına nail olmaq məqsədilə qısa müddətdə enerji sahəsində yeni qanunvericilik bazasının yaradıldığı, elektrik enerjisində bərpa olunan enerjinin payının artırılması və qaz əməliyyatlarının inkişafı məsələlərini müzakirə edib. Bundan əlavə, Azərbaycan Dövlət Neft Şirkətinin “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na qoşulması, məşəldə yandırmaları sıfıra endirmək, sıfır metana çatmaqla bağlı hədəfləri ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinə sadiqliyinin göstəricisi kimi qarşı tərəfin diqqətinə çatdırıb.

Ağ Evdə isə ABŞ Prezidentinin xüsusi məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının iqlim və enerji üzrə baş direktoru Sarah Ladislav ilə görüşdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Avropaya tədarükün artırılmasının Azərbaycanın səyləri ilə həyata keçirilməsi diqqətə çatdırılıb.

Bildirilib ki, dəhlizin 3 illik fəaliyyəti nəticəsində Azərbaycandan Avropaya 31 milyard kubmetrdən çox qaz ixrac edilib ki, bu da enerji təhcizatında gərginliyin müşayət olunduğu dövrdə bir sıra ölkələrin enerji təhlükəsizliyinə öz töhfəsini vermiş və verməkdədir.

Nazir Pərviz Şahbazov ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşün yekunları olaraq özünün sosial şəbəkə hesabında “Cənub Qaz Dəhlizinin genişləndirilməsinə ABŞ-nin dəstəyi üzrə əməkdaşlıq etmək barədə razılığa gəldik” fikirlərini bölüşüb.

ABŞ-la “yaşıl enerji” siyasətinin uzlaşdırılması

Azərbaycan nümayəndə heyətinin Vaşinqton səfərinin yekunu olaraq onu demək istərdim ki, məqsəd ənənəvi enerji ölkəsi kimi tanınan Azərbaycanın enerji keçidi prosesinə necə irəlilədiyini, karbon izinin azaldılması məsələləsinə verə biləcəyi töhfələri və dünyanın ən iri iqtisadiyyatına malik ölkə ilə bunun qlobal məkanda tətbiqinə dair fikir mübadiləsi aparmaq olub. Və müsbət bir haldır ki, Vaşinqtonda bütün səviyyələrdə keçirilən görüşlərdə Azərbaycanın yaşıl enerji addımlarına və COP29 tədbirinə evsahibliyi ilə bağlı dəstək verilib. Əslində bu gözlənilən idi.  

Onu deyim ki, elə Münhendə Prezident Əliyevin cənab Blinkenlə görüşündə müzakirə edilən məsələlər sırasında da COP29 tədbirinə məxsusi toxunulmuşdu. ABŞ Dövlət Katibinin “indiki zaman kəsiyi Azərbaycanın COP rəhbərliyini öz üzərinə götürməsi baxımından çox vacibdir. Biz bu məsələni ciddi dəstəkləyirik” fikrini səsləndirməsi də bunu bir daha təsdiq edir.  

Azərbaycan rəsmiləri Okeanın o tayında enerji keçidi yoluna necə çıxacaqlarından danışan zaman, artıq Bakıda yaşıl enerjinin xüsusi çəkisinin artırılması yolunda praktik işlər həyata keçirilirdi.

Səngəçal terminalının “yaşıllaşdırılması”

Fevralın 20-də ”AzərEnerji” və “bp” şirkəti Bakıda Səngəçal terminalında karbon izinin azaldılması üçün texniki həll hazırlamaq məqsədilə birlikdə işləməyə dair razılığa gəldilər. Belə ki, həmin gün “AzərEnerji” və Səngəçal terminalının operatoru kimi “bp” Qarşılıqlı Anlaşma Memorandumu imzaladılar.

Sənədə əsasən, tərəflər Səngəçal terminalının elektrikləşdirilməsini nəzərdə tutan bir layihə üçün texniki həll hazırlayacaq və terminalın yaşıl enerji ilə təmin edilməsini həyata keçirəcəklər. Nəticədə indiyə qədər terminalda istifadə olunan yanacaq qazının yandırılması dayandırılacaq və terminal “Azərenerji” sistemindən təchiz olunmağa başlayacaq.

Onda sual edə bilərsiniz ki, bəs bu enerjinin yaşıllığı haradan yaranacaq? Bəli, enerjinin mənbəyi artıq gedib çıxacaq işğaldan azad edilmiş ərazilərimizə, daha dəqiq desək Cəbrayıl rayonuna. Orada bp-nin operatorluğu ilə ərsəyə gələcək “Şəfəq” adlı günəş elektrik stansiyasına.

“Şəfəq” Günəş Elektrik Stansiyasında istehsal olunan enerji “Azərenerji” sistemi vasitəsi ilə Səngəçal terminalının qurğularını qidalandıracaq. Nəticədə terminaldakı neft-qaz əməliyyatlarından yaranan istixana qazı emissiyaları elektrikləşdirilmə nəticəsində azalacaq ki, bu da Xəzər regionunda emissiyaların azaldılmasına və ümumiyyətlə, ölkənin yaşıl enerji keçidinə töhfə verəcək.

“Şəfəq” GES layihəsi.

“bp” şirkətinin rəsmi açıqlamasına görə, «Şəfəq» GES-in tikinti işlərini “bp”nin törəmə şirkəti olan “Lightsource bp” qurumu həyata keçirəcək.

Tikinti Cəbrayıl şəhərindən 6 km cənubda, Hacılı qəsəbəsi yaxınlığında reallaşacaq. Stansiyanın ərazisi 802 hektar planlaşdırılıb, onun gücü 240 MVt olacaq, pik həddi 288 MVt-a qədər arta bilər.

Qrafikə əsasən, günəş stansiyasının tikintisi 2024-cü ilin oktyabrından 2025-ci ilin noyabrına qədər aparılacaq, işə salma-tənzimləmə sınaqları 2025-ci ilin noyabrında başlayacaq, stansiyanın kommersiya istismarı 2025-ci ilin dekabrından başlayacaq. Planlaşdırılır ki, 6-8 ay ərzində tikintidə çalışacaq işçilərin sayı orta hesabla 300 nəfərə, pik dövründə 700 nəfərə çatacaq.

Qeyd edək ki, layihə çərçivəsində həmçinin 330 kV-luq yarımstansiyanın tikintisi də planlaşdırılır.

2027-ci ilə planda olan “yaşıl stansiyalar”

İndi qayıdıram bir qədər əvvəl qaldırdığım sualın cavabını aramağa: yəni 2027-ci ilə qədər Azərbaycan 8 iri günəş və külək elektrik stansiyasını istismara verə bilərmi? Artıq onlardan biri istismardadır. Ötən ilin oktyabrın sonundan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin Qaradağ rayonunda 230 MVt gücə malik günəş elektrik stansiyası istismara verilib.

Gələn il isə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti 240 MVt gücündə olacaq “Xızı-Abşeron” külək elektrik stansiyasını işə salacaq. Həmin ilin sonunda isə Cəbrayıda “bp”-nin “Şəfəq” günəş elektrik stansiyası fəaliyyətə başlayacaq.

Bəs növbəti illərdə hansı layihələr reallaşdırılacaq?

Onların içərisində təkcə “Masdar” şirkətinin Biləsuvarda 445 MVt, Neftçala rayonunda isə 315 MVt gücündə günəş elektrik stansiyalarılarını, həmçinin Qaradağ rayonunda tiklilməsi planlaşdırılan 240 MVt gücündə külək elektrik stansiyalarını misal çəkə bilərik.

Bundan əlavə Çexiyanın "Az Czech Engineering" şirkəti ilə imzalanmış memorandumlara görə, Naxçıvan Muxtar Respublikasında 500 MVt gücündə olması planlaşdırılan günəş elektrik stansiyası, yenə Naxçıvanda “Nobel Energy Management” şirkətinin 400 MVt gücündə olacaq  günəş elektrik stansiyası, “TotalEnergies” şirkətinin 250 MVt gücündə külək, 250 MVt gücündə isə günəş elektrik stansiyaları tikilməlidir. Yəni imkanlar kifayət edir ki, 2030-cu ilə planlaşdırılan həfədləri artıq 2028-ci ilədək əldə edək.

Hökumətin enerji şirkətlərində şəffaflıq addımları

Hökumət isə bu arada Azərbaycanda monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısını yeniləyib. Nazirlər Kabineti 20 fevral 2024-cü il tarixli 93 N-li Qərarı ilə gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısında enerji sektoru ilə bağlı olan 3 şirkət də yer alıb: elektrik enerjisinin istehsalı və nəqli üzrə bazarda monopolist mövqeyə malik “Azərenerji” ASC, elektrik enerjisinin paylanması üzrə ölkədə rəqibsiz fəaliyyətdə olan “Azərişıq” ASC və ölkə daxilində təbii qazın topdansatışını həyata keçirən yeganə dövlət qurumu “Azərkontrakt” ASC.

Bütün bu addımlar Azərbaycanın enerji keçidi dövründə şəffaflığın artırılması, hesabatlığın mütəmadiliyi və ən əsası cəmiyyət üçün hansısa şəkk və şübhə doğurmayacaq şəkildə tərtib olunmasına köklənib. Ona görə də statistika çox məsələlərə işıq salmağa imkan yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin