Ləğv prosesində olan “Bank Standard” QSC “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərin həbsdəki təsisçisi Çingiz Cəlilovu məhkəməyə verib.
Bizim.Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə bank Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Belə ki, bank iddiasında maddi ziyanın ödənilməsini istəyir. Lakin maddi ziyanın nə qədər olduğu açıqlanmayıb.
Hazırda iddia hakim Zaur Pirverdiyevin icraatına verilib, lakin məhkəmənin vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 2017-ci ildə Baş Prokurorluğun yaydığı məlumata əsasən, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Asim oğlu Cəlilov “Bank Standard” QSC kommersiya bankının İdarə Heyətinin sədri olmuş Səlim Eldaroviç Krimanla qabaqcadan razılaşmaqla işbirliyi qurub.
O, həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoyub.
Sonra özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub. Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manatı Səlim Krimanla öz aralarında bölüblər.
Xatırladaq ki, 2016-cı ilin sentyabr ayının 28-də S.Krimanın cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul edilib. Lakin o, istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin 5 oktyabr 2016-cı il tarixində çıxardığı qərarla S.Krimanın barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, İnterpol xətti ilə axtarışa verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Cəlilov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumat üçün bildirək ki, C.Cəlilov Xalq artist Röya Ayxanın keçmiş qayınatasıdır. Müğənni keçmiş iş adamının oğlu Anar Cəlilovla 2008-ci ildə ailə həyatı qurub, lakin cütlük 2014-cü ildə boşanıb. C.Cəlilovun cinayət işinin araşdırılması zamanı oğlu da ifadə vermişdi.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:07 / 22.02.2024
Röyanın keçmiş qayınatası yenidən məhkəməyə verildi
Hazırda oxunan: Röyanın keçmiş qayınatası yenidən məhkəməyə verildi
Hazırda oxunan: Röyanın keçmiş qayınatası yenidən məhkəməyə verildi
179436
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.