Ukrayna müharibəsində YENİ DÖNƏM – ABŞ Aİ-ni Rusiya ilə üz-üzə qoyub, “ARADAN ÇIXIR”

Hazırda oxunan: Ukrayna müharibəsində YENİ DÖNƏM – ABŞ Aİ-ni Rusiya ilə üz-üzə qoyub, “ARADAN ÇIXIR”

179389

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələrin iqtisadiyyatı, ilkin hesablamalara görə, 2023-cü ilin dördüncü rübündə əvvəlki üç aya nisbətən 0,4 faiz artıb.

G7 ölkələrində ÜDM artımı iyul-sentyabr aylarındakı 0,5 faizə qarşı oktyabr-dekabrda 0,4 faizə qədər azalıb.

Böyük Britaniya və Yaponiyanın ÜDM-i müvafiq olaraq 0,3 faiz və 0,1 faiz azalıb, mənfi dinamika ardıcıl iki rübdə qeydə alınıb ki, bu da texniki tənəzzül tərifinə uyğundur. Almaniya iqtisadiyyatı dördüncü rübdə 0,1 faiz daralıb.

ABŞ-da iqtisadi artım 1,2 faizdən 0,8 faizə enib, Fransada isə ardıcıl ikinci rübdür ki, durğunluq müşahidə olunub.

Dördüncü rübdə ən əhəmiyyətli azalma İrlandiyada (0,7 faiz) müşahidə olunub.

Ən bariz iqtisadi tənəzzül Estoniyada müşahidə olunub-3 faiz. İqtisadi artım templərinin sürətlənməsi yalnız üç ölkədə-ABŞ, Yaponiya və Kosta-Rikada qeydə alınıb. Görünən odur ki, Ukrayna savaşı fonunda Avropa İttifaqı ölkələrinin iqtisadiyaytı zəifləyərək, çökür. Bunun əksinə olaraq, ABŞ iqtisadiyyatı isə inkişaf edir.

“Münaqişələrin kökündə biznes maraqları dayanır”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında sabiq maliyyə naziri, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov bildirir ki, ABŞ Ukrayna oyunundan qazanan yeganə ölkədir. Onun fikrincə, Vaşinqton bu zaman bir güllə ilə bir neçə böyük hədəfi vura bilib:

“Dünya tarixində baş vermiş və bu gün də davam edən bütün hərbi münaqişələrin kökündə iqtisadi maraqlar dayanır. Əslində siyasət və geosiyasət yalnız iqtisadi və biznes maraqlarını təmin etmək üçün vasitələrdir.

Bu gün bəşəriyyətin iki böyük gücü – ABŞ və Çin dünyanı yenidən bölüşdürmək uğrunda çarpışır. Yaxın iki ildə bu qarşıdurmanın birinci və həlledici mərhəlləsi başa çatacaq. İki nəhəng arasında üçüncü güc yalnız Avropa İttifaqı ola bilər. İqtisadi və siyasi parametrlərinə görə məhz Avropa İttifaqı ABŞ və Çinlə rəqabət apara biləcək bir səviyyədədir. Lakin iki nəhəngin iqtisadi maraqlar üzərindən baş verən savaşında üçüncü tərəfə ehtiyac olmur”.

Həmsöhbətimiz qeyd edir ki, xeyli müddətdir Aİ-ni aradan qaldırmağın yolları araşdırılır:

“Üçüncü tərəf həmişə əl-ayağa dolaşır və bir sözlə artıq hesab olunur. Bu səbəbdən çoxdandır, həmin artığı – yəni Avropa İttifaqını aradan çıxarmağın mümkün yolları araşdırılır.

Birinci yol – onu parçalayıb zəiflətmək və dağılması prosesinə start verməkdir. Bu yolda artıq ilk addım İngiltərənin Aİ-dan çıxarılması ilə atıldı. Buna qədər Avropa İttifaqı üç dayaq üzərində dayanırdı- İngiltərə, Almaniya və Fransa. İngiltərənin İttifaqdan çıxması bu birliyin üç ayağından birinin kəsilməsi kimi dəyərləndirilməlidir. Bir dayağın kəsilməsi ABŞ-n Aİ-ni zəiflətmək planının tərkib hissəsidir.

İkinci yol – Aİ-ni genişmiqyaslı hərbi münaqişəyə cəlb edərək, onu həm iqtisadi və həm də siyasi cəhətdən sarsıtmaqdan ibarətdir. Bu gün həmin proses sürətlə gedir. ABŞ artıq tədricən və düşünülmüş şəkildə Ukraynanı oyunundan çıxır.
Belə olan halda, Aİ ona qarşı aqressiv münasibətdə olan Rusiya ilə üz-üzə qalır və Aİ-nin Ukraynaya yardım etməkdən başqa çıxış yolu yoxdur. Əks halda, Rusiya Ukrayna üzərində qələbə çaldıqdan sonra Aİ ölkələri ilə “haq-hesab” çəkəcək. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ Ukrayna oyunundan qazanan yeganə ölkə oldu. O bir güllə ilə bir neçə böyük hədəfi vura bildi”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin