AMEA-da qalmaqal: Şöbə müdiri professoru işdən çıxartdı

Hazırda oxunan: AMEA-da qalmaqal: Şöbə müdiri professoru işdən çıxartdı

179224

Elmlər Akademiyasının professoru və şöbə müdiri bir-birini xüsusi ittiham qaydasında məhkəməyə verib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, əvvəlcə professor Aydın Əlizadə bir müddət əvvələ kimi işlədiyi Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri Xatirə Quliyevadan şikayət edib. 

Professor Quliyevanın onu əsassız işdən çıxardığını, barəsində böhtan xarakterli yazı dərc etdiyini, professor adını saxtakarlıqla aldığını deyərək təhqir etdiyini iddia edib.

Lakin Səbail Rayon Məhkəməsi professorun şikayətini əsaslı hesab etməyib. Bundan sonra qarşı tərəf xüsusi ittihamçı kimi eyni məhkəməyə müraciət edib. 

Xatirə Quliyeva şikayətində yazır ki, professor Aydın Əlizadə yazdığı “Multikulturalizmin Qədim Dünyada Təzahürləri: Qədim Urartu və İran” adlı məqaləsində erməni mövqeyindən çıxış edib. 

Şöbə müdiri iddia edib ki, həmin məqalə dövlətçilik əleyhinə olduğu üçün Aydın Əlizadəni işdən çıxarıb. Məhz bundan sonra A.Əlizadə onun haqda nüfuzdan salmağa yönələn sözlər işlədib, feysbuk səhifəsində status paylaşıb. 

Hakim proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırdıqdan sonra belə qənaətə gəlib ki, şikayət kifayət qədər dəlil və sübutlarla əsaslandırılmayıb.

Qərara əsasən professor Aydın Əlizadənin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayət icraata götürülməyib.

Qeyd edək ki, Fəlsəfə və Sosiologiya İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının tərkibindədir.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin