Qaxda kənd məktəbi QƏZALI VƏZİYYƏTDƏ – Problem nə vaxt həllini tapacaq? – FOTO 

Hazırda oxunan: Qaxda kənd məktəbi QƏZALI VƏZİYYƏTDƏ – Problem nə vaxt həllini tapacaq? – FOTO 

178855

Qaxın Qaratala kənd məktəbi uyğunlaşdırılmış binada fəaliyyət göstərir. 70-ci illərində inşa edilən bu məktəbdə 130 şagird təhsil alır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qaxın Qaratala kənd məktəbi uzun illərdir ki, qəzalı vəziyyətdədir. Bu məktəbdə təhsil alan şagirdlər soyuqda, dərsdə oturmaqda çətinlik çəkirlər. 

Əməkdaşımız məktəbin valideyn komitəsi tərəfindən daxil olan müraciət əsasında həmin kənddə olub, sakinlərlə görüşərək, dərsdən sonra təhsil ocağındakı acınacaqlı vəziyyətin canlı şahidi olub. 
Bir neçə il əvvəl Qaratala kənd sakinlərinin müraciəti əsasında tam orta məktəbdəki vəziyyəti araşdırmaq üçün bu təhsil ocağında olmuşduq. Bu dəfə də valideynlərin dəvəti ilə kəndə yollanırıq. 

İllərdir ki, valideynlərə, kənd sakinlərinə verilən vədlərdən heç bir əlamət yoxdur. Əlbəttə, bizə bildirilmişdi ki, növbəti ilə yeni məktəb binası inşa olunacaq. Dəfələrlə vədlər eşidənlərdən biri də məktəb valideyn komitəsinin rəhbəri Qalib Əliyevdir. Sonunca dəfə ötən ilin əvvəlində Təhsil Nazirliyindən bildirilib ki, 2023-cü ildə kənddə məktəb tikiləcək. 

Artıq 2024-cü ildir

“Mənim iki uşağım burada təhsil alır, bütün uşaqlar bizim uşaqlardır. Məktəbin çöl görünüşü bu vəziyyətdədir. Evim burada yaxınlıqdadır. Mən hər saatda çıxıram bura qayıdıram evə, birdən məktəb uçar, uşaqlar altında qalar deyə... Məktəbin uçması iki vur ikidir, heçnədir. Lazımı orqanlara da deyirik, demişik də, xeyri yoxdur. Hansı dövrdür ki, məktəbin pəncərələri plyonka ilə örtülüb”. 

Məktəbdə dərslər başa çatandan sonra Qalib Əliyevlə sinif otaqlarından bir neçəsini müşahidə edir, vəziyyətlə tanış oluruq.

Pəncərəsi, qapıları plyonka ilə örtülən, döşəməsi və tavanları hər an təhlükə mənbəyi olan mənzərə ilə qarşılaşırıq. 130 şagirdin təhsil aldığı bu məktəbdə tək bir sinifdə müşahidələr apardıq. Sinifin divarları çatlayıb, artıq qəzalı vəziyyətdədir. Həmçinin sinif otağının döşəməsinin bir hissəsi yoxdur. Valideyn komitəsi bildirir ki, burada yaz-yay aylarında ilanlar, siçovullar hər cür həşəratlar peyda olur. Digər tərəfdən tavan xüsusi məftillə bağlanaraq müvəqəti saxlanılır ki, bu da hər an təhlükə yaradır.

Kənd sakini Nərgiz Yusifova bildirir ki, nəvələri dərsə gəlir. O və digər valideynlər məcburdur ki, uşaqlar dərsdə olarkən burada növbə çəksinlər.

Çünki hər an, hər dəqiqə uşaqları təhlükə gözləyir. Nərgiz Yusifova bildirir ki, bu məktəbdə qonşu İbaxlı və Uzuntala kəndlərindən də gəlib oxuyanlar var. 

Məsələ ilə əlaqədar rayon təhsil sektoruna üz tutduq. Qax rayon təhsil sektorunun müdiri Babək Heydərov Qaxda 53 ümumtəhsil müəssisəsinin olduğunu, bu təhsil ocaqlarının isə 70 faizinin yeni tikilmiş yaxud əsaslı təmir olunduğunu, bu il üçün Qaratala kənd məktəbinin də bünövrəsinin qoyulucağını qeyd edib. 
Təhsil sektorunun müdiri onu da diqqətimizə çatdırdı ki, ötən il rayonda iki məktəb inşa edilərək şagirdlərin istifadəsinə verilib. Ümid edək ki, 130 şagirdin təhsil aldığı Qaratala kənd məktəbinin şagirdləri də yeni məktəb binası ilə təmin olunacaqlar.
















Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin