Biz hazırda barıt çəlləyinin üzərində oturmuşuq - Gürcü ekspertlərdən AÇIQLAMA

Hazırda oxunan: Biz hazırda barıt çəlləyinin üzərində oturmuşuq - Gürcü ekspertlərdən AÇIQLAMA

17861

Son zamanlar Cənubi Qafqazda baş verən proseslər, Qarabağ münaqişəsinin bitməsi, rus sülhməramlıların fəaliyyəti regionda yeni geosiyasi vəziyyət yaradıb. Elə bu səbəbdən də Gürcüstan bölgədə qarşılaşdıqları bəzi problemləri ölkəyə təhdid sayır və buna qarşı müdafiəsini artırmaq istəyir. Gürcüstan bu istiqamətdə bəzi tədbirlər həyata keçirmək fikrindədir.

Bu təklükələrin nədən ibarət olması ətrafında gedən müzakirələrə baxdıqda bir neçə amil gündəmdə öz aktuallığını qoruyub saxlayır. 

Bəzi ekspertlərin fikrincə, Gürcüstan Cənubi Qafqazda möhkəmlənən Rusiya tərəfindən təhlükə yaşaya bilər. Bəziləri isə bu vəziyyəti ölkə daxilində baş verən daxili çaxnaşmaların səbəb olması ilə əlaqələndirir.

Məsələ ilə bağlı Bizim.Media Gürcüstanın “Azad zona” qeyri-hökumət təşkilatının sədri, politoloq Qela Vaşadze ilə söhbətləşib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Gürcüstan erməniləri müstəqillik istəyir” – Tbilisidə Qarabağ müzakirəsinin əsl SƏBƏBİ...


Politoloq ölkəsi üçün mövcud olan təhdidlərin səbəblərini açıqlayarkən bildirib ki, bütün gedən proseslərə nəzər saldıqda Rusiyanın Cənubi Qafqazda güclənib və ya zəifləməsi haqqında dəqiq fikir söyləmək çətindir. 

“Düşünürəm ki, Qarabağ münaqişəsində öz mövqeyini qorumağa çalışan Rusiya özü üçün əvvəldən xüsusi plan hazırlamışdı. Əgər münaqişə başqa yön alsa, inanıram ki, Rusiya Gürcüstan ərazisində Tsixinvali dəhlizindən də istifadə etməyə cəhd edəcək.

Ümumiyyətlə, Gürcüstanın sərhədləri yaxınlığında əlavə bir Rusiya hərbi kontingentinin olması son dərəcə xoşagəlməz bir haldır. Burada başqa risklərin də olacağı mümkündür. Bu isə Gürcüstan üçün böyük təhdiddir. Yəni anlayacağınız qədər kifayət qədər baş ağrımız var”.

Siyasi analitikin fikrincə, Cənubi Qafqazda rus əsgərləri olduğu müddətdə sülhdən danışmaq bir az çətindir. 

“Biz hazırda bir barıt çəlləyinin üzərində oturmuşuq. Hər an bu partlaya və inanılmaz proseslər baş verə bilər”.

Q. Vaşadze Cavaxetiya ətrafında separatizm qüvvələrinin fəallaşması haqqında yayılan məsələyə də aydınlıq gətirib. O, bu hadisənin də Rusiyanın bir oyunu adlandırıb:

“Hazırda Cavaxetiya regionu haqqında gəzən söz-söhbətlər əsassızdır və bəyan edirəm ki, orada heç bir  separatizm meylləri yoxdur. Bu söz-söhbətin yaranmasında Moskva maraqlıdır, hətta bu istiqamətdə bəzi qüvvələr vasitəsilə fəal iş də görür”.

Gürcüstanın İlya Çavçavadze Universitetinin jurnalistika fakültəsinin professoru Oleq Panfilov isə Gürcüstanın üzləşdiyi təhdid haqqında fikirlərini belə ifadə edib:

“Gürcüstan üçün yeganə təhlükə Rusiyanın Qafqazda, Gürcüstanın 20 faiz işğal olunmuş bölgələrində, Qarabağda müəyyən dərəcədə "sülhməramlılar"ı formasında və onun Ermənistanda hərbi bazaya sahib olmasıdır. Doğrudur, onların taktiki silahları yoxdur, ancaq təhlükə yenə də var. Hazırda Gürcüstan üçün bundan başqa təhlükə görmürəm”,- deyə o, fikrini tamamlayıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin