Taksi sürücülərinin narkoloji testdən keçirilmələri ilə bağlı AYNA-dan MÜHÜM AÇIQLAMA 

Hazırda oxunan: Taksi sürücülərinin narkoloji testdən keçirilmələri ilə bağlı AYNA-dan MÜHÜM AÇIQLAMA 

178457

Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun psixoloji problemlərinin olması və taksi sürücüsü kimi fəaliyyət göstərməsi məsələsi Bakıda fəaliyyət göstərən taksi sürücülərinin narkoloji testdən keçirilməsi məsələsini aktuallaşdırıb. Hətta bir qədər əvvəl AYNA tərəfindən taksi şirkətlərinə sürücülərin narkoloji testdən keçirilmələri ilə bağlı tapşırıq verildiyi narədə də məlumat yayılmışdı. Amma qurum həmin məlumatı əsassız sayaraq, məsələyə aydınlıq gətirəcəklərini bildirmişdi. 

AYNA-dan növbəti dəfə Bizim.Media-nın sorğusuna cavab olaraq açıqlama verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Taksi sürücülərinin narkoloji testə göndərilməsi xəbəri ƏSASSIZDIR – AYNA


Qurumun mətbuat katibi Tural Orucov bildirib ki, taksi fəaliyyətinə icazə üçün tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir:

“Avtomobil nəqliyyatı haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlara əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti göstərmək istəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi, eyni zamanda nəqliyyat vasitələri üçün buraxılış kartı almalıdırlar. 

Nazirlər Kabinetinin 71 nömrəli Qərarına əsasən Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərin isə reysqabağı tibbi müayinədən keçirməsini təmin etməlidirlər.

Bundan başqa, hüquqi şəxslər və ya fərdi sahibkarlar reysqabağı texniki müayinə ilə bağlı aidiyyəti üzrə qeydiyyatdan keçmiş texniki-təmir sahələri (nəqliyyat vasitələrinə texniki xidmət göstərən məntəqələr), sürcülərin tibbi müayinəsi üçün isə tibb müəssisələri ilə müvafiq qaydada müqavilə imzalaya bilərlər. Qeyd olunan şərait eyni zamanda daşıyıcı tərəfindən parklarda da yaradıla bilər. 

Hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi və buraxılış kartına müraciət etdikdə tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir. Sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələr və psixotrop maddələrdən istifadənin müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatlar, eyni zamanda xüsusi hazırlıq keçməsini təsdiq edən sənəd də təqdim etməlidir. Qeyd olunan sənədlər olmadığı təqdirdə daşıyıcılar icazəyə müraciət edə bilməyəcəklər”.

Qurumdan o da qeyd olunub ki, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə AYNA tərəfindən müvafiq icazə veriləcək:

“Qeyd olunan sahə üzrə elektron qaydada icazələrin verilməsi prosesinə isə taksi fəaliyyətinə dair yeni tələblər müəyyən edildikdən sonra başlanılacaq. Bununla da bu sahədə uçot və nəzarət mexanizminin tətbiqi mümkün olacaq”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin