Gəncə Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Ruslan Şirinovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media “pravda.az”a istinadən xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O ifadəsində göstərib ki, Rusiyaya tez-tez gedib-gəlib. Lakin onun Rusiya vətəndaşlığı olmadığı üçün hansı isə bir yol ilə oranın vətəndaşlığını almaq qərarına gəlib, digər variantlara əl atsa da bir variant üzərində dayanıb.
Belə ki, Ruslan rus qız ilə formal olaraq ailə həyatı qurub Rusiya vətəndaşlığını almalı idi. Rusiyada olarkən 2020-ci il tarixdə telefonla arvadı, Züleyxa Şirinovaya zəng edib, ona bu məsələ barədə deyib. Qadın isə bu məsələyə heç bir etirazını bildirməyərək razılaşıb, bundan sonra qadınla boşanmaq üçün ərizə göndərib. 2020-ci ilin payız aylarında onlar rəsmi və formal olaraq boşanıb, lakin daimi olaraq bir-biri ilə əlaqə saxlayıb. 2021-ci ilin may ayının 8-də Rusiyada olan zaman telefonla Züleyxaya zəng edib.
Qadın isə bir az gec cavab verdiyi üçün Züleyxanı söyərək acılayıb. Səhəri gün, yəni 2021-ci ilin may ayının 9-da Züleyxanın anasıgil gələrək arvadını evdən aparıb. Onlar faktiki olaraq bundan sonra ayrı yaşamağa başlayıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin müddətdən sonra dəfələrlə barışmaq istəməyinə baxmayaraq, Züleyxa rədd edib:
“Sonuncu dəfə Rusiyada olan zaman mənə Züleyxanın Gəncə şəhərində yerləşən “OBA” marketdə satıcı işləməyə başlaması barədə xəbər gəldi. Bunu qəbul etmədiyim üçün Züleyxanın özünə, anasına, atasına, qohumlarına onun işdən çıxmalı olduğunu bildirdim. Çünki aylıq olaraq uşaqlara görə aliment ödəyirdim və Züleyxaya nə qədər pul lazım olsa ona ödəyəcəyimi bildirdim. Lakin Züleyxa buna məhəl qoymadı. Artıq 1 aya yaxın idi ki, Rusiyadan qayıtmışdım, Gəncədə anamla birgə yaşamağa başladım. Bu müddət ərzində Züleyxa ilə barışmaq üçün hər yola əl atdım, lakin heç bir müsbət nəticə əldə edə bilmədim.
Bir müddət sonra Züleyxanın iş yerinə - “OBA” marketə gedərək onunla yenidən danışıb barışmaq istədim. Taksidən düşərək marketinə içərisinə daxil oldum və bir qədər kassanın yanında dayandım, sonra vitrinlərin arasına tərəf keçdikdə qapıdan Züleyxanın çıxdığını gördüm.
O, məni görən kimi sifəti çöndü, dayandığım yerə yaxınlaşıb nalayiq ifadələr işlətdi. Bu zaman cibimə bıçaq olduğunu xatırladım və bundan sonra nə etdiyimi bilmədim.
Bir anlıq ayılanda əlimdəki bıçağın qan olduğunu gördüm. Həmin bıçağı marketin içinə ataraq oradan çıxdım, sonra gəldiyim taksi, əvvəllər tanıdığım Qabil ilə hadisə yerindən uzaqlaşdım. Daha sonra isə hadisə törətdiyimi dərk edərək Gəncə şəhər Baş Polis İdarəsinə yollandım. Orada etdiyim cinayəti etiraf etməklə təslim oldum. Törətdiyim cinayət əməlindən çox peşmanam”.
İttihama görə, hadisə ötən ilin martında Gəncə şəhərində yerləşən “OBA” marketdə qeydə alınıb.
Belə ki, Ruslan Şirinov 2014-cü ildə uzaq qohumu olan 1995-ci il təvəllüdlü Züleyxa ilə ailə qurub, onların 2 övladı dünyaya gəlib. 2020-ci ildən isə etibarən cütlüyün münasibətləri tədricən pozulub.
Həmin ərəfədə Züleyxa Bakıda yaşadıqları evi tərk edərək Gəncədə anasının yanına köçüb. Lakin Ruslan Züleyxa ilə əlaqəni kəsməyib. Bir müddət sonra keçmiş xanımının Gəncədə “OBA” marketdə çalışmasını öyrənən Ruslan Şirinov onun işdən çıxmasını tələb edib. Barışmaq və işdən çıxmaqla bağlı tələblərinin yerinə yetirilmədiyini görən şəxs daha sonra bıçaq götürərək Züleyxanın iş yerinə gedib. O, marketə daxil olaraq heç bir söhbət etmədən hücum edərək insanların gözü qarşısında Züleyxaya 16 bıçaq zərbəsi endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmənin hökmü ilə Ruslan Şirinov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:39 / 16.02.2024
“OBA” marketdə keçmiş arvadına 16 bıçaq zərbəsi vuran şəxs: “Onun işləməsini istəmirdim”
Hazırda oxunan: “OBA” marketdə keçmiş arvadına 16 bıçaq zərbəsi vuran şəxs: “Onun işləməsini istəmirdim”
Hazırda oxunan: “OBA” marketdə keçmiş arvadına 16 bıçaq zərbəsi vuran şəxs: “Onun işləməsini istəmirdim”
178436
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.