İqtisadiyyatımızda YENİ DÖNƏM – Hansı sahələr daha çox İNKİŞAF EDƏCƏK?

Hazırda oxunan: İqtisadiyyatımızda YENİ DÖNƏM – Hansı sahələr daha çox İNKİŞAF EDƏCƏK?

178326

Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində, iqtisadi sahədə aparılan islahatların artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratdığını bildirib.

Dövlət başçısı qeyd edib ki, əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir:

“Əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü elə göstərəcək, sıçrayış elə böyük olacaq ki, bunu hər kəs görəcək”.

İnkişaf daha çox hansı sahələrdə özünü göstərəcək?

Dövlət başçısının bu fikirlərini Bizim.Media-ya şərh edən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, son illər ölkədə aparılan iqtisadi siyasətin başlıca strategiyası bir neçə amillə bağlıdır:

“Bunlar qeyri-neft sektorunun inkişaf etdirilməsi, iqtisadiyyatın diversifikasiyası, eləcə də ixrac və rəqabətyönümlü məhsullarla dünya bazarına çıxmaqdır. İdxaldan asılılığın azaldılmasına və ixrac qabiliyyətinin artırılmasına isə xüsusi diqqət ayrılacaq. Əsasən də bütün sahələr üzrə ixracyönümlü məhsulların istehsal olunması və beynəlxalq bazarlara çıxarılması üçün çox ciddi addımlar atılacaq.

Artıq ilk addımlar və əldə edilən nəticələr sevindiricidir. Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisi getdikcə artmaqdadır və bunun 2026-cı ildə 78 faiz olacağı proqnozlaşdırılır”.

“Alternativ enerji sektoru inkişaf edəcək”

Onun sözlərinə görə, qarşıya qoyulan əsas məqsədlərdən biri, növbəti 7 il ərzində alternativ enerji sahəsində böyük layihələrin icra olunması ilə bağlıdır:

“Bunlar günəş, külək və su elektrik enerjilərinin alınmasıdır. Bu sahələrə yönəldiləcək yerli və xarici investisiyalar da müəyyən edilib. Yaxın illərdə ölkəmiz bu sahədə də ən mühüm yerlərdən birinə sahib olacaq. Bir çox ölkələrdə bu sahəyə tələbat böyük olduğu üçün ixrac potensialımız yaranmaqdadır. Yaxın gələcəkdə bu istiqamətdə də mühüm addımların atılması gözlənilir”.

Sənayenin bütün sahələrinin inkişaf etdirilməsi üçün mühüm addımlar atıldığını deyən A.Hüseynov vurğulayıb ki, iqtisadi potensialımızdan istifadə edərək Qarabağda və Şəqri Zəngəzurda meqa-layihələrin icra olunması planlaşdırılır:

“Sənayenin bütün sahələri – istər dağ-mədən, tikinti materialları ehtiyatları, günəş və külək enerjisinin alınması baxımından bölgə böyük iqtisadi potensiala malikdir”.

“Ölkəmiz logistika habına çevriləcək”

Yeni dövrdə Azərbaycanın böyük nəqliyyat-logistika sisteminə çevriləcəyini söyləyən deputat qeyd edib ki, artıq ölkəmiz Xəzər dənizində böyük yükdaşıma qabiliyyətinə sahib olub:

“Bu da ölkəmizin regiondakı mövqeyini möhkəmləndirən əsas amillərdən birinə çevrilib. Ələt limanının və Ələt iqtisadi rayonunun yaradılması bu sahədə atılan ən mühüm addımlardan biridir. Ələt limanı yarandığı ilk günlərdən etibarən Xəzər regionu ölkələri ilə qarşılıqlı yükdaşıma - logistika sahəsində böyük xidmətlər göstərir.

Eyni zamanda, ölkə daxilində bir neçə beynəlxalq hava limanının, yüksək keyfiyyətli avtomagistral və dəmiryolu xətlərinin inşa olunması göstərir ki, ölkəmiz həm bu sahədə imkanlarını genişləndirir, həm də böyük logistika habına çevrilir. Şimal-Cənub və Şərq-Qərb arasındakı yükdaşımalar Azərbaycana çox böyük sərmayə axınına səbəb olacaq”.

Müsahibimiz kənd təsərrüfatı ilə turizm sahələrində də ciddi inkişaf meyllərinin müşahidə olunduğunu bildirib:

“Qarşıdakı illərdə hər iki sektorun daha da perspektivli sahələrə çevriləcəyi gözlənilir. Prezident İlham Əliyev dünənki nitqində bu sahələrə də xüsusi diqqət ayırdı və bu da onu göstərir ki, bu sahələr üzrə inkişaf perspektivləri indidən müəyyənləşdirilir”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin