Azərbaycanda doğulan üçəm və dördəmlərin sayı pandemiyadan sonra nə qədər ARTIB? – STATİSTİKA

Hazırda oxunan: Azərbaycanda doğulan üçəm və dördəmlərin sayı pandemiyadan sonra nə qədər ARTIB? – STATİSTİKA

178315

Azərbaycanda ötən illə bağlı yekun demoqrafiq göstəricilər açıqlanıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ildə ölkədə 112 min 620 körpə doğulub. Körpələr arasında oğlanlar üstünlük təşkil edir. Belə ki, oğlan uşaqları ümumi sayın 53,1 faizini, qız uşaqları isə 46,9 faizini təşkil edir.

Ümumilkdə isə bundan öncəki illə müqayisədə yeni doğulanlar arasında azalma müşahidə edilib. Yəni 2022-ci ildə ölkədə 122 min 846 doğum qeydə alınmışdısa, ötən il bu sayda 10 minə yaxın geriləmə olub.

Diqqət çəkən məqam isə körpələrin arasında əkiz, üçəm və dördəm doğulanlarla bağlıdır.  Ölkədə ötən il yeni doğulanların sayında azalma olduğu kimi əkiz, üçəm və dördəm doğulanların da sayı azalıb. Lakin yaxın beş ilin statistik rəqəmlərinə baxdıqda görünür ki, heç də bu say həmişə ümumi doğulan uşaqların sayından asılı olmayıb.
Mənzərənin daha aydın olması üçün yaxın beş ilin statistik rəqəmlərinə nəzər salaq. Pandemiyadan öncə 2019-cu ildə Azərbaycanda 141 min 179 nəfər körpə doğulub. Körpələrdən 3356-sı əkiz, 108-i üçəm, 8-i isə dördəm doğulanlardır.

2020-ci ildə doğulan körpələrin ümumi sayı 116 min 454 olub. Həmin il  uşaqlardan 3106-sı əkiz, 117-si üçəm, 4-ü isə dördəm doğulanlardır. Rəqəmlərdən göründüyü kimi, əvvəlki illə müqayisədə ümumi say və əkiz, dördəm doğulanların sayı azalsa da üçəm doğulanların sayı artıb.

Doğum sayında azalma ən çox 2021-ci ildə qeydə alınıb. O da koronavirus pandemiyasına təsadüf edir. Həmin il 112 min 284 nəfər doğulub. Onlardan 2958-i əkiz, 84-ü üçəm, 12-si isə dördəm doğulanlardır. Bu dəfə də ümumi sayın dördəm doğulanlara təsir etmədiyi aydın olur. Son beş ildə doğum sayının ən aşağı olduğu ildə əksinə dördəm doğulanların sayı xeyli artıb.

Pandemiyadan sonrakı ildə, yəni 2022-ci ildə yeni doğulanlar arasında 10 mindən çox artım qeydə alınıb. Belə ki, həmin il 122 min 846 körpə dünyaya gəlib. Körpələrdən 3438-i əkiz, 165-i üçəm, 8-i isə dördəm doğulanlardır. Ümumi say əkiz və üçəm doğulan uşaqların sayına təsir etsə də, yenə də dördəm doğulanların sayında fərqlilik özünü göstərib, yəni dördəm doğulanların sayı əksinə azalıb.

2023-cü ildə 112 min 620 körpə doğulub. Doğulanlardan 3410-u əkiz, 147-si üçəm, 4-ü isə dördəm olub. Təkcə son ildə ümumi say həm də əkiz, üçəm və dördəm doğulanların sayı ilə düzmütənasibdir.

Statistik rəqəmlərdən aydın olur ki, ölkədə əkiz, üçəm, dördəm doğulanların sayı heç də həmişə ümumi doğulan körpələrin sayından asılı olmur.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin