Tikinti materialları bazarında SON VƏZİYYƏT – Hansı məhsullar BAHALAŞIB?

Hazırda oxunan: Tikinti materialları bazarında SON VƏZİYYƏT – Hansı məhsullar BAHALAŞIB?

178314

Son günlər tikinti materialları bazarında qiymətlər yenidən bahalaşıb ki, bu da özünü taxta, dikt və digər materiallarda daha çox büruzə verir. Belə ki, hazırda 1 kub taxtanın qiyməti 300-350 manat arasında dəyişir.

Bəs bahalaşma nə ilə əlaqədardır və nə vaxta kimi davam edə bilər?

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimli qeyd edib ki, ötən dövrdə tikinti materialları bazarında qiymətləri stabil olub:

“Ancaq ümumi qiymətlərdə 0.3 faizlik artım müşahidə olunub ki, bu da əsasən taxta və taxta məhsulları ilə bağlıdır”.

Onun sözlərinə görə, təkcə taxta qiymətlərində 6.3 faizlik artım olub:

“Ancaq bu artım diktdə 6.5 faiz, DVP-də isə 13.39 faiz həcmində özünü göstərib. Digər materiallarda isə bahalaşma baş verməyib. Yalnız borularda 4.3 faizlik ucuzlaşma müşahidə olunur”.

Ekspert bahalaşmanı idxalın çətinləşməsi ilə əlaqələndirib:

“Ona görə ki qış aylarında güclü şaxta və qar olduğu üçün taxta istehsal edilən ərazilərdə ağacların qırılması və emal edilməsi çətinləşir. Bu da həm idxala, həm də bazarda bahalaşmaya gətirib çıxarır”.

Bəs tikinti bazarında hazırkı tələb və təklif hansı səviyyədədir?

Müsahibimiz, qış aylarında tikinti bazarında sakitliyin olduğunu söyləyib:

“Bu da yaz-yay aylarına nisbətən qışda tikintilərin azalması ilə bağlıdır. Belə ki, yayla müqayisədə qışda tikinti işləri 25-30 faiz azalır”.

Bahalaşma xarici amillərlə bağlıdır

Qiymət artımlarının yeni başladığını söyləyən digər ekspert Ramil Osmanlı isə bahalaşmanın daxili deyil, daha çox xarici faktorlarla bağlı olduğunu diqqətə çatdırıb: 

“Hazırda Rusiya bəzi iqtisadi və maliyyə sanksiyaları ilə üz-üzə qalıb. Buna görə də qonşu ölkələrə satdığı bəzi məhsulların qiymətini artırmağa məcbur olub. Bu da özünü Azərbaycan bazarında satılan Rusiyanın taxta, dikt və digər materiallarında göstərir”.

Ekpert vurğuladı ki, bahalaşmanın nə qədər davam edəcəyi məlum deyil:

“Hətta qiymətlərin nə vaxt normal həddə düşəcəyi bilinmir. Yalnız onu deyə bilərəm ki, qiymət artımı qarşıdakı bir neçə ay ərzində də davam edəcək”.

Rövşən Ziya, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin