Müasir dövrdə peşələr arasında gender bərabərsizliyi daha da dərinləşməkdədir. Bu gün ölkənin ümumi təhsil məktəblərində fəaliyyət göstərən müəllimlərin əksər hissəsini qadınlar təşkil edir. Qadın pedaqoqlardan fərqli olaraq, məktəblərdə çalışan kişi müəllimlərin sayı isə nəzərəçarpacaq dərəcədə azdır.
Belə ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, 2022/2023-cü tədris ilinin əvvəlinə əyani ümumi təhsil müəssisələrində qadın müəllimlərin sayı 79.7%-kən, kişi müəllimlərin sayı 20.3% olub.
Bəs, problemin əsl səbəbi və həlli yolları nələrdir?
Sabiq təhsil naziri Firudin Cəlilov Bizim.Media-ya bildirib ki, bu problem yeni üzə çıxmayıb, 90-cı ilin əvvəllərindən mövcuddur:
MÖVZU İLƏ BAĞLI:
Son illərin biabırçı TRENDİ – Niyə qızlar oğlan, oğlanlar isə qız kimi RƏQS EDİRLƏR?
“Bunun əsas səbəbi maaşla bağlıdır. Çünki ailəni dolandıran kişidir. Əgər ailənin başçısı az maaş alırsa, təbii ki, çətinliklər içində yaşayır. Müəllim işləyən kişi məcbur olub işini buraxır ki, daha çox pul qazana bilsin.
Mən parlamentdə elm və təhsil komitəsinin sədri olanda, bu faktlarla bağlı məsələ qaldırdım və maliyyə naziri ilə apardığımız danışıqlardan sonra, müəllimlərin maaşı üçqat artırıldı və onlar kommunal ödənişlərdən azad olundular. O vaxt məktəbdən gedən müəllimlər yavaş-yavaş geri qayıtmağa başladılar”.
Firudin Cəlilov qeyd edib ki, sözügedən məsələ ilə bağlı bu gün vəziyyət yenə də acınacaqlıdır:
“Fikrimcə, məktəblərdə kişi müəllimlərin sayı qadınlardan çox olmalıdır. Bu, pedaqogika elminin qanunlarından biridir. Uşaqlar kişi müəllimlərinin hərəkətləri və danışıqları ilə formalaşırlar. Oğlanlar arasında “qızlaşma”ya meyillliyin də qaynağı məhz kişi müəllimlərin azalmasına görədir. Bunu dilimə gətirmək istəməsəm də, pedaqogika elmi bunu təsdiq edir”.
Nuranə Daxilqızı, Bizim.Media