Metyu Brayza: “ABŞ da bəyanat verib, Azərbaycan xalqını təbrik edəcək” – ÖZƏL 

Hazırda oxunan: Metyu Brayza: “ABŞ da bəyanat verib, Azərbaycan xalqını təbrik edəcək” – ÖZƏL 

177237

“İlham Əliyevin yenidən Prezident seçilməsi heç də təəccüblü deyil. O, Azərbaycanda ən populyar siyasi liderdir və o, Azərbaycanın müasir tarixində ən böyük hərbi və diplomatik qələbəyə rəhbərlik edib”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və Atlantik Şurasının eksperti Metyu Brayza deyib.

Azərbaycandakı növbədənkənar Prezident seçkilərini şərh edən analitik, seçici fəallığının olmasını da, İlham Əliyevə dəstəyin təzahürü kimi qiymətləndirib.

“Hesab edirəm ki, seçicilərin böyük fəallığı, təxminən 79 faizinin iştirak etməsi Azərbaycan xalqının Prezident İlham Əliyevi dəstəkləmək həvəsindən xəbər verir. Bunun Cənubi Qafqaz və Azərbaycan üçün nə demək olduğu isə göz qabağındadır. Bu, İlham Əliyevin siyasətinin davamıdır.

Onun bu qədər böyük seçici fəallığı ilə yenidən prezident seçilməsi onu göstərir ki, İlham Əliyevin bərpa olunan torpaqlarda normal həyatın bərpası, yaxşı həyat tərzinin yenidən qurulması uğrunda aparılan siyasəti bundan sonra da davam edəcək.

Bütün bunlar yüz minlərlə məcburi köçkünün əvvəlki evlərinə qayıtmasına gətirib çıxaracaq. Bunun bir hissəsi olaraq biz ağıllı şəhərlərin və yaşıl enerji zonalarının inkişafını həyata keçiriləcəyini görəcəyik, necə ki, Azərbaycan növbəti böyük tədbir (COP-29) üçün enerji keçidinin qlobal liderlərindən biri olacaq”, - deyə M.Brayza qeyd edib.

ABŞ-ın yaxın vaxtlarda Azərbaycan liderini təbrik edəcəyini bildirən sabiq səfir, bəzi təşkilatların neqativ xəbərlər yayacağına, lakin onların da real nəticələri qəbul edəcəyinə ümidvar olduğunu sözlərinə əlavə edib.
“Bütün bunlar region üçün yaxşı xəbərdir. Ümid edirəm ki, tezliklə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanacaq. Mən hesab edirəm ki, İlham Əliyev və baş nazir Paşinyanın axtardığı şey budur. Ümid edirəm ki, həm də Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin müəyyənləşdirilməsinə dair razılıq əldə olunsun. Mən hələ seçkiyə o qədər də beynəlxalq reaksiya görməmişəm.

Mən ABŞ Dövlət Departamentinin tezliklə bəyanat verəcəyini gözləyirəm, əminəm ki, onlar Azərbaycan xalqını təbrik edəcəklər. İstər-istəməz Azərbaycanın demokratik inkişafını tənqid edən bəzi beynəlxalq xəbərlər olacaq. Amma düşünürəm ki, ümumilikdə, xəbərlərin əhatə dairəsi müsbət olacaq. Ümid edirəm ki, beynəlxalq ictimaiyyət artıq haqqında danışdığım məqamları başa düşür, hansı ki onlar Azərbaycanın Ermənistanla münasibətlərinin gələcəyini və qlobal enerji məsələlərini ehtiva edir”, - deyə analitik əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin