Azərbaycanın ən gənc Vətən Müharibəsi Qəhrəmanı da səsvermədə iştirak edib. İkinci dərəcəli müharibə əlili Azər Abdullazadə doğulduğu Tərtər rayonunun Cəmilli kəndində yerləşən 35 saylı seçki məntəqəsinə gələrək öz namizədinə səs verib.
Bizim.Media-nın yerli bürosuna danışan qəhrəman seçkilərin nəticələrini səbirsizliklə gözlədiyini dilə gətirib.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Abdullazadəyə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
O, cəmi 19 yaşında bu ada layiq görülməklə, ən gənc “Vətən Müharibəsi Qəhrəmanı” kimi tarixə düşüb.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu