Fevralın 1-də Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olduğu, bu dövr ərzində əlaqələrimizin bir sıra istiqamətlər üzrə inkişaf etdiyi vurğulanıb, ikitərəfli gündəliyin müxtəlif sahələri üzrə mövcud hüquqi bazanın ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyi diqqətə çatdırılıb.
Görüşdə ölkəmizin enerji sahəsində hər zaman etibarlı tərəfdaş olduğu qeyd edilib, Çexiyanın da neft məhsullarına tələbatının təxminən 30 faizinin Azərbaycan nefti hesabına ödənildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi həm də insanlar arasında əlaqələrin genişləndirilməsi üçün mühüm vasitədir.
Deputatlar Palatasının sədri Azərbaycana ilk səfərinin ikitərəfli münasibətlərin inkişafına xidmət edəcəyinə inamını ifadə edib. O, ölkəsinin Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlı olduğunu qeyd edib.
Görüş zamanı ikitərəfli əlaqələrin möhkəmləndirilməsində parlamentlərin önəmli rol oynadığını vurğulayan S.Qafarova qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyətindən söz açıb, belə səfərlərin mövcud prioritetlərin öyrənilməsi, fikir mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Görüşdə dövlətlərarası, parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:28 / 01.02.2024
Marketa Pekarova: “Çexiya Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlıdır”
Hazırda oxunan: Marketa Pekarova: “Çexiya Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlıdır”
Hazırda oxunan: Marketa Pekarova: “Çexiya Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlıdır”
176189
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.