Son 20 ildə MDB məkanına aid bəzi ölkələrdə rəngli inqilablar, dövlət çevrilişləri baş verib. Nəticədə Gürcüstan, Ukrayna, Qırğızıstan, Moldova və Ermənistan kimi ölkələrin idarəetməsi parlamentli respublika üsuluna keçib. Parlamentli respublika sistemi ilə idarə olunan bu dövlətlərdə daxili və xarici stabillik pozulduğuna görə vəziyyət hər zaman gərgin olub.
Xatırladaq ki, 2005-ci ildən sonra Qırğızıstanda baş verənlər də çoxlarının narahatlığına səbəb olub.
Siyasi ekspertlərin təbirincə desək, bu ölkədə iki ildən bir yaşanan çevrilişlər Qırğızıstanı inkişaf və stabillikdən uzaq tutub.
Bu arada, Qırğızıstanda yeni Konstitusiya layihəsi ilə bağlı referendum keçirilib və səs verənlərin 79,25 faizi yeni Konstitusiya layihəsini dəstəkləyib. Beləliklə, Qırğızıstan parlament-prezident idarəetməsindən prezident respublikası sisteminə keçir.
Bizim.Media mövzu ilə bağlı politoloq Tofiq Abbasovdan münasibət alıb.
Ekspert açıqlamasında bildirib ki, siyasi sistemdə bəzi dövlətlərin yolu ilə getmək çətin və təhlükəlidir:
“Əgər hər hansı bir sistem üçün bünövrə qoyulmayıbsa, onun fəsadları uzun müddət özünü biruzə verir. Və göstərir ki, seçim yanlış idi. Qırğızıstan neçə illərdir ki, böhran içindədir. Əsgər Akayev hakimiyyətdən (1990-2005) qovulduqdan sonra bu ölkədə sabitlik pozulub və istənilən qruplar müxtəlif boşluqlardan istifadə etməyə cəhd göstərib. Bununla da, silsilə dövlət çevrilişlərinin şahidi olmuşuq.
Bir şeyi nəzərə almaq lazımdır ki, əgər dövlət strukturlarının özü kövrəkdirsə, yəni lazımi səviyyədə təşəkkül tapmayıblarsa, millətin formalaşma prosesi sona çatmayıbsa, parlamentli respublikaya keçid risklidir.
Ermənistan da bu sıradadır. Çünki onlar özləri haqqında çox yüksək fikirdə olsalar da, Ermənistanda millət sona qədər formalaşmayıb. Erməni xalqının formalaşması hələ davam edir. Ona görə də, ilk növbədə güclü hakimiyyət, mərkəzləşdirilmiş sistem və güc mərkəzi olmalıdır.
Bunlar olan halda dövlət və xalq hərc-mərclikdən qurtulur. Digər tərəfdən dövlət və ictimai institutların, vətəndaş cəmiyyətlərinin formalaşması üçün şərait yaranır.
Nəhayət, plüralizm sisteminin oturuşmasına maneə olmur. Qırğızıstana baxanda nə görürük? Plüralizm adı altında özbaşınalıqlar baş alıb gedirdi...
Roza Otunbayeva (2010-cu il müvəqqəti hökumətin rəhbəri - 2011-ci il 1 dekabradək prezident) xaricdən çox böyük bir dəstək alan xanım idi. Bütün dünyaya da car çəkirdi ki, Qırğızıstan artıq demokratiya yolundadır. Bəs nə oldu? Özündən sonra yarımçıq bir sistem qoyub getdi. Deməli orada forma etibarilə fəaliyyət davam edir, məzmun etibarilə isə yox...
Referendumdan sonra mərkəzləşdirilmiş sistem olacaqsa, bu, Qırğızıstan üçün yeni başlanğıcdır”.
Sonda qeyd edək ki, parlamentli idarəyə keçid edən postsovet dövlətlərinin hamısında əvvəlcə prezident respublikası olub.
Sadəcə, həmin ölkələr çətin vəziyyətdən çıxmaq naminə parlamentli respublikaya keçiblər, lakin bu cəhd faydasız alınıb. Əsas problem postsovet ölkələrində parlamentli respublikanın formal tərəfi ilə real vəziyyətin üst-üstə düşməməsidir.
Anar Rəhimov, Bizim.Media