Yaxın Şərq böyük savaşın ASTANASINDA – “İranın nüvə obyektləri VURULACAQ”

Hazırda oxunan: Yaxın Şərq böyük savaşın ASTANASINDA – “İranın nüvə obyektləri VURULACAQ”

175953

ABŞ prezidenti Co Bayden İordaniya və Suriya sərhədindəki əl-Tanf bölgəsindəki hərbi bazaya edilən hücuma cavab vermək qərarına gəldiyini bildirib.

O, jurnalistlərlə söhbətində üç ABŞ hərbçisinin ölümü və 25-nin yaralanması ilə nəticələnən hücuma necə cavab verəcəyinə qərar verdiyini bildirib. Bununla belə, Bayden ABŞ-ın hansı cavab tədbirləri görə biləcəyini açıqlamayıb.

O vurğulayıb ki, Vaşinqton Yaxın Şərqdə münaqişəni genişləndirməyə çalışmır.

Qeyd edək ki, Suriyanın Əl-Tanf şəhərində, İordaniyanın sərhədi yaxınlığında yerləşən ABŞ hərbi bazası pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb. Nəticədə 3 əsgər ölüb, 25 nəfər isə yaralanıb.

Hadisənina rdınca, ABŞ prezidenti Bayden İranın dəstəklədiyi qrupları ABŞ hərbçilərini öldürməkdə günahlandırıb. Amma bu zaman o, hadisə ilə bağlı İranı açıq ittiham etməkdən çəkinib. Bu gün isə ABŞ lideri Tehrana cavab verəcəklərini bəyan edir.

ABŞ nə planlaşdırır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov Tehranın addımına cavab olaraq İsrailin yaxın müddətdə ABŞ-ın hərtərəfli dəstəyi ilə İranın strateji obyektlərinə, uranı zəngiləşdirdiyi məkanlara aviazərbələr endirəcəyini düşünür:

“İran son dövrlər Yaxın Şərqdə Amerika mövqelərini təhdid edir. Tehrana qarşı olan qüvvələr isə İran daxilində gərginliyin artmasında maraqlıdır. Həmin qüvvələrin İran daxilində bir sıra hadisələr törədərək, gərginlik yarada biləcəyi də istisna deyil. Son dövrlər Yaxın Şərqdə vəziyyətin məcradan çıxdığını görürük. İsrailin Livanda əməliyyat keçirməsi, beynəlxalq terror çağırışları, özəlliklə "Hizbullah"ın İsraili yox etməklə bağlı mesajları vəziyyətin kifayət qədər gərginləşdiyini göstərir”.

Bu fonda ekspert aqressivlik və gərginliyin daha da artacağını, radikallaşmanın güclənəcəyini istisna etmir:

“Burada üçüncü qüvvələrin də birmənalı şəkildə maraqlarının olduğunu düşünürəm. Rəsmi Tehran bu günə qədər istər İsrailin, istərsə də Qərbin etdiyi xəbərdarlıqlara məhəl qoymur. Aydın məsələdir ki, İran Şimali Koreya kimi nüvə silahını əldə edib geosiyasi müstəvidə əlavə dividendlər qazanmaq niyyətindədir. Bu həm də Tehrana daxili siyasətdə üzləşdiyi problemləri yoluna qoyub, ictimai nəzərdə güclü dövlət imicini bərpa etmək baxımından da vacibdir.

İranın edilən xəbərdarlıqlara baxmayaraq, uranı zəngiləşdirmək planından geri addım atmaması Qərbin və İsrailin daha ciddi addımlar atmasını zəruri edir. Hesab edirəm, rəsmi Təl-Əviv yaxın müddət ərzində İranın strateji obyektlərinə, həmçinin uranı zəngiləşdirdiyi məkanlara aviazərbələr endirəcək. Qarşıdurma bunda uzağa getməyəcək”.

T.İsmayılov ehtimal edilən İran-İsrail gərginliyi fonunda Azərbaycanın atacağı addımlar haqda da danışdı:

“İran-İsrail gərginliyi fonunda Tehranın gücdən düşməsi və zəifləməsinin Güney Azərbaycan üçün müsbət tərəfləri ola bilər. İllərdir haqları tapdalanan və istibdadın təzyiqlərinə məruz qalan soydaşlarımız öz müqəddəratını təyin edə bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin