İran səfirliyimizə hücum edən terrorçunu edam edəcək? – Asim Mollazadənin ŞƏRHİ

Hazırda oxunan: İran səfirliyimizə hücum edən terrorçunu edam edəcək? – Asim Mollazadənin ŞƏRHİ

175780

İranın Məhkəmə Sistemi sədrinin beynəlxalq məsələlər üzrə müavini və İnsan Haqları Qərargahının katibi Kazim Qəribabadinin bildirdiyinə görə, yaxın günlərdə Azərbaycanın İrandakı səfirliyinə hücum etməkdə təqsirli bilinən Yasin Hüseynzadə ilə bağlı hökm çıxarılacaq.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıb. Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.
 

MÖVZU İLƏ BAĞLI:

Səfirliyimizə hücum edən şəxslə bağlı hökm çıxarılacaq


İndi Azərbaycan cəmiyyətini bir sual düşündürür: 

İran səfirliyimizə hücum edən terrorçuya layiqli cəza verəcək, yoxsa yenə işi pərdələmək üçün müxtəlif bəhanələr uyduracaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirir ki, İran əksər hallarda verdiyi vədlərə sadiq qalmır:

“İran tərəfi yaxın müddətdə səfirliyimizə hücum edən terrorçu ilə bağlı hökm çıxarılacağını bildirib. Deməli, doğru deyilibsə, yaxın müddətdə məsələ ilə bağlı nəticəni görəcəyik. Ona görə də gözləmək lazımdır. 

Digər tərəfdən, mühüm məsələlərdən biri də İran tərəfinin Azərbaycan səfirliyinin təhlükəsizliyini təmin etmək üçün hansı tədbirlər görəcəyi ilə bağlıdır.

Bu da İranın məsələyə necə yanaşacağını ayırd etmək və ölkələr arasında münasibətlərin inkişafı, səfirliyin fəaliyyətinin bərpası baxımından mühüm bir məsələdir. Gözləyək görək, terrorçu ilə bağlı hansı qərarı verəcəklər. Çox vaxt onun şahidi oluruq ki, Tehran verdiyi vədlərə xilaf çıxır”. 
Qeyd edək ki, İran qanunvericiliyinə görə səfirliyimizə hücum edən terrorçu edam cəzasına məhkum edilməlidir. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin