Vətəndaşların kommunal xidmət göstərən qurumlardan narazılığına tez-tez rast gəlinir. Bəzi şikayətlər araşdırılarkən məlum olur ki, qurum günahkar deyil, bəzi şikayətlər isə öz əsasını tapdığı üçün abonent haqlı çıxır.
Şikayətlərin bir qismi də qaz sayğaclarının dəyişdirilməsi ilə bağlıdır. Abonentlərin bəzisi sosial şəbəkələrdə onlara xəbərdarlıq edilmədən qaz sayğaclarının, yəni smart tipli sayğacın mexaniki sayğacla dəyişdirilməsini iddia edirlər.
Bəs, maraqlıdır abonentin iştirakı olmadan qaz sayğacını dəyişdirmək mümkündürmü?
Məsələyə münasibət bildirən “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəisi Eldəniz Vəliyev Bizim.Media-ya deyib ki, 5 ildən bir qaz sayğaclarının götürülməsi və dövrü dövlət yoxlamasının aparılması tələb olunur:
MÖVZU İLƏ BAĞLI:
Nə qədər əhali yeni qaz sayğacı ilə təmin edilib? - Rəsmi AÇIQLAMA
“Bu, “Azəriqaz” İB-nin istəyi ilə deyil, qaydalara əsaslanır. Qaydalar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qoyulub. Əhali kateqoriyası 5 ildən bir, qeyri-əhali, yəni sahibkarlıq subyektlərinə aid dövrü dövlət yoxlamasının aparılması məcburi qaydadır.
Bu qaydada göstərilib ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları həmin sayğacların dövrü dövlət yoxlamasını aparan zaman mütləqdir ki, ev sahibinin iştirakı təmin olunsun. Ola bilər ki, ev sahibi evdə olmasın, 18 yaşına çatan övladları, digər ailə üzvləri evdə olmasınlar.
Hətta dəfələrlə qurum əməkdaşları qarşı tərəf, ev yiyəsi evdə olmadığından qaz sayğacların götürülməsini təmin edə bilmir. Yəni ev yiyəsi evdə ola bilmir. Bir neçə qonşunun iştirakı ilə sübut üçün videoçəkilişlə dəyişdirə bilərlər. Amma videoçəkilişə qədər olan qaydalar xüsusi qaydalardır, mütləq təmin olunmalıdır. İstisnalar ola bilər, o da qonşuların iştirakı ilə videoçəkiliş və akt tərtib oluna bilər. Bu istisnadır, çox az olur”.
Qurum rəsmisi sayğaca müdaxilə şübhəsi ilə sayğacın dəyişdirilməsi məsələsinə də aydınlıq gətirib:
“Əməkdaşlarımız istər sistem, istərsə də görüntü olaraq abonentlərin qaz sayğaclarını izləyirlər. Əgər abonentin ödənişində kəskin fərq yaranıb, azalma müşahidə olunursa, demək ki, burada sayğaca müdaxilə ehtimalı var. Ötən ildən etibarən işçi qrupu yaradılıb, abonentin özünün iştirakı ilə gəlib sayğaca vizual baxış keçirirlər. Aşkar olunmuş hansısa qüsur, nöqsan varsa, akt tərtib olunur və mütləq abonentə təqdim olunur.
Abonentdən də xahiş olunur ki, sayğac müvəqqəti sayğacla əvəz olunacaq və metreologiya departamentində yoxlamaya aparılacaq. Sizin də orada iştirakınız arzu olunur, abonent istəyirsə, orada iştirak edə bilər. Çox istərdik ki, abonent özü də iştirak etsin, sonradan ortaya qoyulan dəymiş ziyan, müşahidə olunan qüsurlar inamsızlıq kimi qarşılanmasın”.
O bildirib ki, vətəndaş qurum işçilərinin iddiası ilə razılaşmadığı halda məhkəməyə müraciət edə bilər:
“Vətəndaş ona verilən akta imza atırsa, sayğaca müdaxiləyə görə təyin olunan cəriməni ödəməlidir. İmza atmaya, sonra məhkəmədə mübahisələndirə bilər. Əgər abonet inanmırsa, qol çəkməmək və məhkəməyə müraciət etmək hüququ var”.
Günay Şahmar, Bizim.Media