Avtomobillərin utilizasiyaya cəlb olunması hansı imkanları yaradacaq?

Hazırda oxunan: Avtomobillərin utilizasiyaya cəlb olunması hansı imkanları yaradacaq?

175599

Prezident İlham Əliyevin imzaladığı yeni sərəncama əsasən, Azərbaycan dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası Fondu” yaradılacaq.  

Xatırladaq ki, dövlət başçısı tərəfindən ötən ilin iyulun 27-də “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Qanun bu ilin fevral ayının 1-də qüvvəyə minəcək. Utilizasiya haqqı hansı parametrlər üzrə müəyyən ediləcək?
 

MÖVZU İLƏ BAĞLI:

“Kim öz maşınını könüllü “metalloma” gətirər?” – Köhnə avtomobillərin UTİLİZASİYASI 


Qanuna əsasən, fevralın 1-dən etibarən Azərbaycanın gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı ödəniləcək və məbləği nəqliyyat vasitəsinin istehsal-buraxılış ili üzrə müəyyən ediləcək.

Bəs utilizasiya prosesi necə həyata keçiriləcək? 

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran nəqliyyat sektoru üzrə ekspert Elməddin Muradlı, sentyabr ayından etibarən utilizasiya prosesinin başlayacağını diqqətə çatdırıb: 

“Çox güman ki, fondun tərkibi, ofisi və fəaliyyət istiqamətləri bu aya qədər tam müəyyən ediləcək. Amma bir neçə gün sonra, yəni fevralın 1-dən etibarən sürüclər texniki baxış zamanı utilizasiya haqqı olaraq, əlavə haqq ödəyəcəklər. Hara, hansı hesabata və necə ödəniləcəyi, eləcə də digər texniki məsələlərin həlli üçün fondun hesabı yaradılacaq. Fond sentyabr ayına qədər öz işlərini formalaşdıra biləcək. Bundan sonra isə vətəndaşlar öz avtomobillərini utilizasiyaya təqdim etdikdə, onlara ödəniş ediləcək”. 

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin və Maliyyə Nazirliyinin bununla bağlı hazırlıq işlərini həyata keçirəcəyini söyləyən müsahibimizin sözlərinə görə, bütüh proseslər qısa zamanda başa çatmalıdır:

“Əgər bütün işləri operativ şəkildə yerinə yetirsələr, gecikmə olmayacaq. Amma bununla belə, cavablandırılmalı suallar çoxdur. Belə ki, utilizasiyanın məcburi və ya könüllü olacağı bəlli deyil. Xatırladım ki, ötən iki il ərzində prosesi könüllülük prinsipi ilə qurmaq istəsələr də, heç kim öz maşınını könüllü şəkildə utilizasiyaya təqdim etmədi”.

“Təxminən 200 mindən çox nəqliyyat vasitəsi istismardan kənarda qalıb”

Onun sözlərinə görə, hazırda ölkədə 1,6 milyondan çox avtomobil rəsmi qeydiyyata alınıb:


“Amma bunun neçə faizinin istifadə olunduğu bəlli deyil. Məndə olan məlumata görə, təxminən 200 mindən çox nəqliyyat vasitəsi istismardan kənarda qalıb. Onların arasında müxtəlif texnikalar, kranlar, yük və minik avtomobilləri və sərnişin avtobusları da var. Onlar kiminsə həyətində, ya da cərimə meydançalarında çürüyür. 

Sahibləri də mütləq ortaya çıxaraq ya ondan imtina ərizəsi yazmalıdır, ya da könüllü şəkidə cərimə meydançasından götürməli və sənədləri ilə birlikdə Utilizasiya Fonduna təhvil verməlidir. Yaxud da Fondun əməkdaşları yerində aktlaşdırır, nəqliyyat vəsaitəsini götürür və utilizasiyanı həyata keçirirlər”. 

Ekspertin sözlərinə görə, hazırda bəzi cərimə meydançalarında 25 ildən çox saxlanılan nəqliyyat vasitəsi mövcuddur: 

“Belə ki, 25 il əvvəl kiminsə övladı düşdüyü qəzada ölüb, ailəsi də maşını meydançada qoyub gedib. İndi isə onlar imtina ərizəsi yazmalı və rəsmi şəkildə avtomobili istəmədiklərini bildirməlidirlər. Lakin onların nə özləri götürür, nə də belə bir ərizə yazmırlar. Avtomobil isə bu illər ərzində çürüməyə məruz qalır və torpağa qarışır ki, bu da ətraf mühitin çirklənməsinə səbəb olur”.

Bəs utilizasiyaya gedəcək nəqliyyat vasitələrinin istehsal ili ilə bağlı tələblər ola bilərmi? 

Bu məsələdə istehsal ili ilə bağlı hansısa bir tələbin olmayacağını deyən ekspert, sözügedən halın təhükəli yanaşma olduğunu qeyd edib:

“Sadəcə avtomobillərin texniki parametrlərini əsas götürərək utilizasiyaya cəlb etmək olar. Bu günə qədər heç bir ölkə bununla bağlı yanaşma ortaya qoymayıb”.


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi - bəndinə uyğun olaraq hazırlanıb.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin