Rusiya “supergüc” statusunu ABŞ-dan ALACAQ? – ŞƏRH 

Hazırda oxunan: Rusiya “supergüc” statusunu ABŞ-dan ALACAQ? – ŞƏRH 

175095

“Rusiya hazırkı vəziyyətdə hipotetik baxımdan dünyanın supergüclərindən biri hesab edilə bilər. Çünki beynəlxalq münasibətlər sistemində termin olaraq işlədilən “supergüc” anlayışının mümkün şərtlərinin əksəriyyətinə cavab verir. İstisna amillər isə iqtisadi və maliyyə yetərliliyi məsələləridir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiyanın yaxın perspektivdə “supergüc” olma potensialını şərh edən millət vəkili Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, ABŞ-ın hazırkı mövqeyi “supergüc” yox, daha çox hegemoniya kimi xarakterizə edilə bilər:

“Yəni hegemon güc anlayışı “supergüc” anlayışından daha üstündür. Hegemoniya bir güc mərkəzinin iradəsinin üzərində heç bir başqa iradənin olmamasını ifadə edir. Bu da ABŞ-nin dünya siyasətindəki mövqeyini daha yaxşı izah edir. Ancaq bu, mütləq üstünlük deyil. ABŞ hegemon güc statusunu daha çox 2001-2011 – ci illərdə qazanmışdı, sonradan Suriya müharibəsi kontekstində yeni müstəqil aktorların müdaxiləsi ilə bu mərhələyə son qoyuldu. Biz bu səbəbdən indiki beynəlxalq münasibətlər sistemini yeni dünya nizamının formalaşması kimi səciyyələndiririk.

Prosesin sonunda isə çoxqütblü dünya nizamı olacaq. Bu da özlüyündə təkbaşına hegemoniyanı rədd edir. Yaxın gələcəkdə Rusiyanın beynəlxalq münasibətlər sistemində rolu arta bilər”.

H.Babaoğlu vurğulayıb ki, ABŞ-ı güclü edən faktorlardan biri də Avropa ilə birlikdə eyni hərbi-siyasi ittifaqda olmasıdır:

“Bu ittifaqın monolit olması haqqında daha az danışılır. Rusiya onunla identik olan bəzi Şərqi Avropa ölkələri vasitəsilə bu ittifaqı zəiflədə bilsə, Avropada öz gücünü artırmış olacaq. Hazırda bu istiqamətdə xeyli məsafə qət edilib. Bu isə ABŞ-ın kartlarının zəifləməsi ilə nəticələnəcək. Rusiyanı gücləndirən başqa bir paradiqmalı hadisə isə apardığı müharibənin ölkəsində yaşayan xalqları mərkəzə yönləndirməsi ilə bağlıdır.

1990-cı illərin əvvəllərində bu tendensiya tamamilə tərsinə idi. Rusiyada yaşayan xalqlarda mərkəzdənqaçma meylləri olduqca güclü idi. Bu da Rusiyanın özünün mövcudluğunu təhdid edirdi. Ancaq bu gün həmin xalqlar rus dövlətçiliyinin müdafiəçilərinə çevriliblər. Bu, gözardı edilməyəcək qədər radikal dönüşdür və ölkəni gücləndirən nüanslardan biridir. Ona görə də Rusiyanın beynəlxalq münasibətlər sistemndə yenidən daha güclü aktora çevirilməsi perspektivi mümkündür”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin