Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən evlər SÖKÜLƏCƏK? – MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən evlər SÖKÜLƏCƏK? – MÜHÜM AÇIQLAMA

175048

Məlum olduğu kimi, Abşeron yarımadasında son 25 ildə çoxlu sayda yaşayış massivləri salınıb. Həmin massivlərin çoxunda əmlak sahibi olan şəxslər bu vaxtadək Dövlət Reyestrindən çıxarış ala bilmirlər. Çünki yaşayış massivlərinin çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda salınıb.

Baxmayaraq ki, mövcud qanunvericiliyə görə Nazirlər Kabineti hər 5 ildən bir istifadə edilən torpaqların təyinatına baxmalı, zərurət olduğu təqdirdə torpaqların təyinatını dəyişə bilər. Amma 25 ilə yaxındır ki, üzərində fərdi evlər tikilən kənd təsərrüfatı torpalarının təyinatı dəyişdirilmir. Ona görə də vətəndaşlar əllərində olan ilkin sənədə əsasən əmlaklarını özəlləşdirə, Dövlət Reyestrindən çıxarış ala bilmirlər.

“Bu cür evlərin sayı yüzminlərlədir…”

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, təkcə Abşeron yarımadasında yüzminlərlə, bütövlükdə isə ölkə üzrə 500 mindən artıq çıxarışı olmayan əmlaklar mövcuddur:

“Bunlar əsasən fərdi həyət evləri və müxtəlif təyinatlı obyektlərdir. Həmin əmlakın sahiblərinin çıxarış almamasının müxtəlif səbəbləri var. Səbəblərdən ən başlıcası isə tikililərin yerləşdiyi ərazinin digər təyinatlı torpaqlar olmasıdır. Abşeron yarımadasındakı massivlərin çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda salınıb. Bu gün Bakıdan Sumqayıta və Bakıdan Mərdəkan-Pirallahıya qədər böyük yaşayış massivləri uzanıb gedir.

Baxmayaraq ki, vaxtilə həmin ərazilərdəki torpaqlar kənd təsərrüfatı təyinatlı idi və buralarda sovxozların istehsal sahələri vardı. Amma 2000-ci ildən başlayan tikinti bumu nəticəsində kənd təsərrüfatı təyinatlı torpaqların çoxunda fərdi evlər tikildi.

Maraqlıdır ki, kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda yerli bələdiyyələrin sənədinə əsasən fərdi evlər tikilib. Nəzərə alaq ki, Abşeron rayonunda bələdiyyə torpaqları uzun müddət mübahisə obyekti olmuşdu. Dəqiq xəritə olmamasından istifadə edən bəzi bələdiyyə orqanları da zamanında kənd təsərrüfatı təyinatlı torpaqlara fərdi mənzil tikintisi üçün sənəd verdi. Aradan artıq 15-20 il keçib. Amma fərdi ev sahibləri əmlaklarına dövlət çıxarışı ala bilmirlər”.

Elnura Fərzəliyev hesab edir ki, bu məsələdə ən çox ziyan görən tərəf dövlətdir:

“Açıq deyək ki, vətəndaş evini tikib, içində yaşayır. Bütün kommunal xidmətlərdən yararlanır və çıxarış üçün də narahat deyil. Amma dövlət bu vəziyyətdə çox şey itirir. Əgər tikinti altında olan kənd təsərrüfatı torpaqlarının təyinatı mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dəyişsə, onda vətəndaşlar asanlıqla əmlaklarına çıxarış ala bilərlər.

Bunun hesabına da hər il dövlət büdcəsinə ortalama milyonlarla manat vəsait daxil olar. Çıxarışı olmayan əmlaklar sığorta bazarından məcburən kənarda qalır. Girov predmeti ola bilməməsi də bankların əl qolunu bağlayır. Ən əsası çıxarışı olmayan evlər bu gün alınıb-satılır. Amma bu əməliyyatlar notarial qaydada deyil, fərdi qaydada, nəğd ödəniş aparılmaqla həyata keçirilir. Bundansa itirən yalnız dövlətdir”.

Göründüyü kimi, bu məsələyə alternativ çözüm tapmaq müşkülə çevrilib. Yəni 20-25 il ərzində kənd təsərrüfatı təyinatlı torpaqlar üzərindəki tikililəri sökmək də mümkün deyil. Bunun üçün müvafiq qanunvericilik, ən əsası məhkəmə qərarı olmalıdır.

Tikililərin söküntüsü üçün məhkəmə qərarı olsa belə əmlak sahiblərinə kompensasiya ödənməlidir. Bunu da dövlət etməlidir. Göründüyü kimi, bələdiyyələr tərəfindən yol verilən qanun pozuntuları belə bir problemin meydana çıxmasına səbəb olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin