“Uşaqlıqdan döyüldüm, söyüldüm. Bir qız övladım var, ona yaşadıqlarımı yaşatmaram. Hər zaman da Allaha deyirəm ki, mənə can sağlığı ver, çünki qızımın məndən başqa heç kimi yoxdur. Mən onu bir yerə çıxara bilim”.
Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva qonaq olduğu “Günaydın, Azərbaycan!” verilişində deyib.
Aktrisa bildirib ki, qızı 18 yaşında atasından və onun soyadından imtina edib:
“Ayrılıqdan sonra qızıma atası ilə əlaqəni kəsməyə imkan vermədim. Dedim, gəlsin, görüşsün. Ad günündə çağırırdım ki, hamı görsün atan var, kimsəsiz deyilsən. Amma insanın iç üzü gec-tez ortaya çıxır. 18 yaşında atası övladına da travma yaşatdı. Qızım qərar verdi ki, onun həyatında ata olan bir şəxs yoxdur. Günlərin bir günü gəlib mənə dedi ki, atamın soyadını daşımağa utanıram. Söylədi ki, icazə ver, onun soyadından imtina edim və sənin soyadına keçim. Bu gün 21 yaşı var, universiteti bitirəcək. O, əlaçıdır. “Pərvanələrin rəqsi” serialında aktrisa kimi özünü sınayıb. Orada mənim qızımı canlandırıb. Qızım bu sənəti istəmir. O, hüquq-mühafizə orqanlarında işləmək istəyir”.
Rəşad Əliyev, Bizim.Media