"Braqa" ilə oyunadək komandanı fiziki baxımdan yaxşı səviyyəyə gətirməliyik" - Qurban Qurbanov

Hazırda oxunan: "Braqa" ilə oyunadək komandanı fiziki baxımdan yaxşı səviyyəyə gətirməliyik" - Qurban Qurbanov

174827

"Futbolçularımı təbrik edirəm. Hələ tam idman formalarını bərpa etməsələr də, çox intizamlı oyun keçirdilər. Bu gün 90 dəqiqə onlardan eyni oyunu tələb edə bilməzdik. Çünki tam hazır deyillər".

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 19-cu turunda bu gün "Araz-Naxçıvan"a qalib gəldikləri oyundan sonra sonra mətbuat konfransında deyib.

O, 3:1 hesablı qələbəni belə şərh edib:

"Futbolçularımız qələbə üçün çox düzgün oyun oynadılar. Çox da istəkli idilər. Qarşımızda çox istəkli, dinamik komanda var idi. Rəqib sürətli oyunçulara malikdir. Vacib üç xal qazandıq. Belə havada futbolçularda istər-istəməz özünü idarə etmək, oyunun içində olmaq o qədər də asan deyildi. Hər halda, çox lazım olan intizamlı oyun göstərdilər. Soyuq havada bizi tək qoymayan azarkeşlərə təşəkkür edirəm".

Q.Qurbanov yeni transfer Aleksey İsayevin performansını da dəyərləndirib:

"Razı qaldım. Tez bir zamanda kollektivə, oyunumuza uyğunlaşdı. Amma biz qarşıda daha dinamik, daha komandaya fayda verəcək Aleksey görmək istəyirik. Bu potensial onda var. Bunu ondan tələb edəcəyik".

“Qarabağ” artıq “Braqa” ilə oyunun hazırlığına start verib? Baş məşqçi sualı belə cavablandırıb:

"Təkcə “Braqa” yox, mövsümün ikinci mərhələsinə hazırlıqlarımızı davam etdiririk. İstəyirik ki, oyundan-oyuna daha yaxşı səviyyəyə gəlib çıxaq. Bunun içində “Braqa” da var. Qarşıdakı oyunlarda daha təmkinli, daha yaxşı oyun göstərməliyik ki, “Braqa” ilə matçda komanda daha yaxşı səviyyədə olsun. Bu oyuna qədər komandanı fiziki baxımdan yaxşı səviyyəyə gətirib çıxarmaq istəyirik".

Q.Qurbanov qeyd edib ki, qış fasiləsindəki hazırlığı ölkə xaricində yox, Bakıda keçirmələri komandası üçün faydalı olub:

"Ancaq yaxşı tərəfdən təsir göstərdi. Çünki il boyu futbolçular gərgin hazırlıq keçir. Avrokuboklara, çempionat matçlarına çıxdıq. Bizdə futbolçuların hər birindən tələblər böyükdür. Qrupa düşmək, qrupdan çıxmaq çox vacib idi. Futbolçularda psixoloji yorğunluq çox olur. Fiziki yorğunluğu tez bir zamanda aradan qaldırmaq mümkündür. Psixoloji yorğunluğu isə aradan qaldırmaq üçün düzgün proqrama ehtiyac oldu.

Bakıda qalmağa gəldikdə, onsuz da vaxtımız az olacaqdı.  Futbolçular məşqlərə gəlib, daha sonra ailələrin yanlarına gedirdilər. İnanıram ki, bunun futbolçulara faydası çox oldu. İstər-istəməz Antalyada və yaxud da başqa yerdə olsaydıq, hazırlıq fərqli psixoloji formada gedəcəkdi. Bunları nəzərə alaraq, Bakıda qalmağa qərar verdik".
Baş məşqçi oyun şansı qazanmayan Adama Diakabinin komandadakı gələcək taleyi ilə bağlı sualı da cavablandırıb:

"Maya qədər müqaviləsi var. Mövsümün sonuna qədər bizimlədir. Daha sonra gələcək planlar haqda düşünəcəyik".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin