"Aztelekom" və "Baktelecom" tarifləri niyə müəyyən edilən həddən 4 dəfə çox artırıb? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: "Aztelekom" və "Baktelecom" tarifləri niyə müəyyən edilən həddən 4 dəfə çox artırıb? – Rəsmi AÇIQLAMA 

174672

Azərbaycan internetin sürətinə görə bir çox ölkədən geri qalır. Ötən il avqust ayının göstəricisinə görə, Azərbaycan sabit genişzolaqlı internetin median (orta) sürətinə görə 182 ölkə arasında 28,7 MB/S sürətlə 120-ci yerdə qərarlaşıb.

“Speedtest Global Index”in hesabatına görə, bu iyul ayı ilə müqayisədə 3 pillə geriləmədir. Sonrakı aylarda da internetin sürəti ürəkaçan olmayıb.

2022-ci ildə isə ölkədəki internet bazarında əsas mövqe tutan “Baktelecom” və “Aztelekom” GPON texnologiyası ilə fiber optik internet xidməti üçün yeni tarif paketi təqdim ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

"Aztelekom” və “Baktelecom" CƏRİMƏLƏNDİ


Yəni əvvəlki 4 Mb/s və 10 Mb/s sürətlər ləğv edilib və müvafiq olaraq 15 və 30 Mb/s sürətlər təklif edilib. Buna uyğun olaraq da qiymətlər 10 manatdan 15 manata, 12,5 manatdan 18 manata qaldırılıb.

Vətəndaşlarsa bu qərarala razılaşmayıb, narazılıqlarını bildiriblər. Çünki istifadəçinin aşağı sürətli internetin ləğvi barədə fikri soruşulmayıb, həm də qiymətlər əvvəlki qiymətlə müqayisədə xeyli artıb.

Ölkədə bu iki operatorla rəqabət aparacaq az sayda provayder olduğu üçün böyük sürətə ehtiyacı olmayan vətəndaş təklif olunan qiymətlə razılaşmalı oldu.

Lakin ötən il hər iki MMC-nin qiymət artımı ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti qərar qəbul edib.

Belə ki, Dövlət Xidməti “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” (Baktelecom) MMC barəsində tariflərin qanunsuz olaraq artırılmasına görə iş qaldırıb. “Aztelecom” və “Baktelecom”un bir neçə xidmət üzrə tarifləri dövlətin müəyyənləşdirdiyi həddən 4 dəfə çox artırdığına dair qərar qəbul edib. Qərara əsasən, cəmiyyətlərin hər birinə 16 500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Bu tariflərin hansı olduğu cəmiyyətdə maraq doğurub. İnsanlar bu sanksiyalardan sonra tariflərin əvvəlkinə qaytarılacağını düşünürlər.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında  “Aztelekom” MMC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Dövlət Xidmətinin qərarı qanunvericiliyə uyğun deyil:

“Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC barəsində qəbul etdiyi 24.06.2023-cü il tarixli qərarın qanunvericiliyə uyğun olmadığı qənaətindəyik və 21.07.2023-cü il tarixində məhkəmə qaydasında mübahisələndirilib. Bu məsələ ilə əlaqədar yekun qərar məhkəmə tərəfindən veriləcək”.
Hansı tariflərə görə qərarın verildiyi sualı isə cavabsız qalıb.

Günay Şahmar, Bizim.Media
 
 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin