Natali Aleksanyan: “Aramızdakı problemləri övladlarımıza miras qoymamalıyıq” – EKSKLÜZİV MÜSAHİBƏ/VİDEO

Hazırda oxunan: Natali Aleksanyan: “Aramızdakı problemləri övladlarımıza miras qoymamalıyıq” – EKSKLÜZİV MÜSAHİBƏ/VİDEO

174607

“Mən həmişə əmin olmuşam ki, Azərbaycanla Ermənistan arasında hər hansı vasitəçinin olması pisdir. Həyat göstərdi ki, biz birbaşa danışıq aparmağı bilirik və bu da öz nəticəsini verir”.

Bu fikirləri Bizim.Media-ya eksklüziv müsahibəsində erməni jurnalist və bloger, sülh təşəbbüsləri ilə tanınan Natali Aleksanyan deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Natali Aleksanyan əsir mübadiləsi HAQDA: "Qoy daşnaklar yaralı heyvan kimi ulasınlar"


Azərbaycanla Ermənistan arasında gecikən sülh, vasitəçilərin çıxarları üçün münaqişə ocağı yaratma istəyi və komunikasiyaların açılması ehtimallarını dəyərləndirən Aleksanyan, Azərbaycan və Ermənistanın birlikdə sülh üçün addım atmalı olduğunu bildirib.

Sözügedən müsahibəni təqdim edirik:

- Xanım Aleksanyan, siz sülh təşəbbüsləri ilə çıxış edirsiniz. Bilirik ki, Azərbaycanla Ermənistan arasında müharibə başa çatıb. İndi əsas gündəm sülh sazişinin imzalanmasıdır. Sizcə, bu il sülhə nail ola bilərikmi?

- Biz sülh müqaviləsinin imzalanmasının mümkün qədər tez baş tutması üçün əlimizdən gələni etməliyik. Xalqlarımız əsrlər boyu bir yerdə yaşayıblar və biz yenidən birgəyaşayışın düsturlarını tapmalıyıq. Ermənistan-Azərbaycan münaqişəsinin ən çoxu yüz il yaşı olsa da, xalqlarımızın dinc, yanaşı yaşadıqları müddət daha böyükdür. Bu o deməkdir ki, xalqlarımız dinc yaşamağı bilirlər, yəni bunu yenidən edə bilərlər.

- Düşünürəm ki, Cənubi Qafqazda sülhü istəməyən ölkələr var. Məsələn, Fransa, ABŞ. Onlar həmişə münaqişədə maraqlıdırlar. Azərbaycan və Ermənistan sülhə bu qədər yaxın ikən, belə ölkələrin müdaxiləsi qəbuledilməzdir. Bəs sizin bu mövzuda fikirləriniz necədir?

- Mən həmişə əmin olmuşam ki, aramızdakı hər hansı vasitəçinin olması pisdir! Həyat göstərdi ki, biz birbaşa danışıq aparmağı bilirik və bu da öz nəticəsini verir. Buna görə də, hər hansı bir kənar müdaxilə yalnız lazımsız müdaxilə kimi qiymətləndirilməlidir. Düşünmürəm ki, Amerika və ya Fransa bizim işlərimizə qarışmağı dayandıracaq, lakin bu, onların uğur qazanacağı anlamına gəlmir. Ümid edirəm ki, danışıqlar aparan diplomatlarımız sülh üçün aydın gündəm üzrə danışıqları davam etdirir və kənar təzyiqlərə məhəl qoymurlar.

- Azərbaycanla münasibətlərin normallaşması Türkiyə ilə münasibətlərin normallaşması deməkdir. Sizcə, sülh imzalandıqdan sonra kommunikasiyaların açılması Ermənistana nə verəcək?

- Türkiyə malları bu gün Ermənistanda çox populyardır, lakin bu malların Ermənistana gətirilməsi üçün hələlik birbaşa yol yoxdur. Türkiyə malları alternativ yolla, Gürcüstan üzərindən Ermənistana gəlir. Mən bunu qəbuledilməz hesab edirəm. Ermənistanla Türkiyə arasında normal gömrük xidməti fəaliyyət göstərməli, ölkələr arasında bütün ticarət əməliyyatları qanuni olmalı və sadələşdirilməlidir. Türkiyə ilə sərhədlərin açılması region ölkələrinin iqtisadiyyatlarına çoxlu faydalar gətirəcək, ona görə də bu məsələ həmişə çox aktual olaraq qalır.

- Zəngəzur dəhlizi hələ də həyata keçirilməyib. Lakin bu dəhliz Ermənistan üçün xüsusi əhəmiyyət kəsb edir. Bu layihə haqqında fikirlərinizi eşitmək istərdik.

- Fikrimcə, bölgədə kommunikasiyalar 24/7 işləməlidir. Rabitələrin açılmasında hər gecikmə bizim gənc nəslə qarşı oğurluq kimi dəyərləndirilməlidir. Biz onların rifahını əllərindən alırıq. Bu, onların rifahıdır, bizim yox, çünki bizim olsaydı, bütün kommunikasiyaları çoxdan açardıq.

Atalarımızın və özümüzün həyatı arxa plana keçir, övladlarımızın həyatı isə ön plana keçir. Hesab edirəm ki, atalarımızın bizə miras qoyduğu problemləri övladlarımıza miras qoymağa haqqımız yoxdur. Biz onlara sülh şəraitində yaşamaq imkanı verməliyik və bunun üçün lazım olan hər şeyi, hətta daha çoxunu etməliyik.

- Təşəkkür edirəm.

- Mən də sizə təşəkkür edirəm.

Tehran Orucoğlu, Bizim.Media 
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin