Paşinyandan yeni konstitusiya ÇAĞIRIŞI – Ermənistan ərazi iddialarından İMTİNA EDİR?

Hazırda oxunan: Paşinyandan yeni konstitusiya ÇAĞIRIŞI – Ermənistan ərazi iddialarından İMTİNA EDİR?

174317

Ermənistan baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı ölkəsinin yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib: “Ermənistan Respublikasının Konstitusiya dəyişikliklərinə deyil, yeni Konstitusiyaya ehtiyac var”. 

Qeyd edək ki, Konstitusiya islahatları ilə bağlı Paşinyan ilk dəfə 2021-ci ildə çıxış edib. Həmin dövrdə də o, yeni Konstitusiyaya ehtiyac olduğunu bildirmişdi. Parlamentdə mövzu ətrafında etdiyi son çıxışı isə onun qaldırdığı məsələni artıq reallaşdırmaq niyyətində olduğundan xəbər verir. 

Görəsən, Paşinyan niyə Konstitusiyanı yeniləmək qərarına gəlib? 

Bizim.Media-ya açıqlama verən politoloq Tofiq Abbasovun fikrincə, Paşinyanın qaldırdığı məsələ sosial sifarişin nəticəsidir:

“Baş nazir Paşinyan tərəfindən yeni Konstitusiyanın qəbulu məsələsi gündəmə gəlirsə, çox güman buna sosial sifariş var. Paşinyan da məhz bu sorğunu nəzərə alaraq, onu rəhbər tutaraq, yeni Konstitusiya məsələsini gündəmə gətirir”. 

Həmsöhbətimiz deyir ki, Ermənistan mehriban qonşuluq münasibətləri qurmaq istəyirsə, konstitusiyalarından düşmənçilik toxumu səpən motivləri çıxarmalıdır:

“Ermənistanın hazırkı əsas qanunu və müstəqillik haqqında dövlət aktı ölkəni demək olar ki, bütün digər dövlətlərdən fərqləndirir. Çünki bu iki əsas qanunun hər ikisində Ermənistan özünü qonşularla üz-üzə qoyaraq, onları düşmən adlandırır. İlk növbədə Azərbaycan və Türkiyəni. Paşinyanın sözün həqiqi mənasında Ermənistanı müasir, hüquqi, dövlətə çevirmək niyyəti varsa və qanunvericilik aktlarını dünyada olan bu kimi əsas qanunlara uyğunlaşdırmaq istəyirsə, Konstitusiyadan düşmənçilik motivlərini uzaqlaşdırmalıdır. 

Bu aktlar qonşuluq siyasətinə uyğunlaşdırılmalı və ermənilər qonşularla mehriban dolanmalıdırlar. 
Bu olmadan Ermənistanın dünyadakı inteqrasiya prosesinə cəlb olunması mümkünsüzdür. İndi isə Ermənistan bunlardan bir qədər kənardır. Paşinyan tarixdə normal, pozitiv və müsbət iz qoymaq, Ermənistanda dövlət quruculuğunu yeni keyfiyyət və kəmiyyət müstəvisinə qaldırmaq istəyirsə, müstəqillik haqqında aktda və Konstitusiyada həqiqi təmizləmələrə yönəlik islahatlar aparmalıdır. Belədə, qonşulara təhdid törətməkdən əl çəkməlidir. Bu baş vermədiyi təqdirdə, yeni Konstitusiyalarının da heç bir əhəmiyyəti olmayacaq”.

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin