20 YANVAR Azərbaycanda Ümumxalq Hüzn Günüdür

Hazırda oxunan: 20 YANVAR Azərbaycanda Ümumxalq Hüzn Günüdür

174202

Tariximizin qanlı və şanlı səhifəsi - 20 yanvar hadisələrindən 34 il ötür. Əsrin 1/3-i qədər uzaqlaşdığımız 20 yanvar hadisələri baxılan rakursdan asılı olaraq müxtəlif cür qiymətləndirilir.

Dinc əhalinin, günahsız körpələrin, qadınların və qocaların gülləbaran edilməsi, ağır texnikan tırtılları arasında əzilməsi kontekstindən yanaşanda bu bəşəriyyətin ən qanlı və qara səhifəsidir. 

Amma insanların qorxmadan, çəkinmədən dünyanı qorxuda saxlayan Sovet Ordusunun üstünə əliyalın getməsini, haqq səsini var gücü ilə bağırması faktını göz önünə gətirəndə isə bu bir millətin qürur və fəxarət anlarıdır. O faciə gecəsində Bakıda və Azərbaycanın rayonlarında 146 nəfər dinc sakin qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə qanunsuz həbs olundu. Sovet hərbçiləri tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edildi.

20 yanvara gələn yol 

20 yanvara gələn yol 1988-ci ilin fevralından başladı. Ermənilərin Qarabağda və Sumqayıtda törətdikləri cinayətlərə Mərkəzi hökümətin-Moskvanın loyal münasibəti Azərbaycan xalqının qəti etirazı ilə qarşılandı. Bu etiraz dalğası 2 il ərzində zəif və güclü dönəmlərdən keçdi. Bu etiraz hərəkatı öz kulminasiya nöqtəsinə 1989-cu ilin dekabrında SSRİ-İran sərhədlərinin dağıdılması ilə yekunlaşdı. 

Dünyanın Jandarması rolunu oynayan nəhəng SSRİ-nin quşun da uçub keçməyə cəsarət etmədiyi sərhədlərini Azərbaycanın qəhrəman oğul və qızları bir gündə dağıtdılar.

Bunun ardınca 1990-cı ilin 13 yanvarında 2 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirildi. Daha sonra isə ermənilər Azərbaycanı tərk etməyə başladılar.  

Halbuki, o zaman Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmamışdı. Ermənilər 1989-cu ildə azərbaycanlılara qarşı etnik təmizləmə aparmışdılar. Və ən sonuncu azərbaycanlı ən ağır şərtlərlə öz dədə-baba ocaqlarından qovulmuşdu. 

Bu azmış kimi Naxçıvanın Kərki kəndi ermənilər tərəfindən işğal edildi. Ona görə də 19 yanvar 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası çağırıldı. Sessiyada muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq (SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtləri pozması səbəblərindən) SSRİ-nin tərkibindən ayrılması barədə qərar qəbul edildi. Bununla da Naxçıvan MSSR SSRİ-nin tərkibindən ilk çıxan respublika oldu. 

Naxçıvan Ali Sovetinin bu qərarı dünyanı silkələdi. SSRİ höküməti təşviş və həyacan içərisində SSRİ Ali Sovetinin qərarı və Azərbaycan SSR Ali Sovetinin razılığı olmadan Azərbaycana dörd bir tərəfdən qoşun yeritdi. Bakıda və regionlarda qırğınlar törədildi.

Lakin 20 yanvarda axıdılan qanlar Azərbaycan xalqının mübarizə əzmini qırmadı. Cəmi bir il sonra Azərbaycan tarixində ikinci dəfə müstəqilliyinə qovuşdu.

Qeyd edək ki, Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən verilib. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin