İbrahimovlara məxsus olduğu bildirilən sexdəki partlayışın günahkarlarını hansı CƏZA GÖZLƏYİR? – ARAŞDIRMA 

Hazırda oxunan: İbrahimovlara məxsus olduğu bildirilən sexdəki partlayışın günahkarlarını hansı CƏZA GÖZLƏYİR? – ARAŞDIRMA 

173830

Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında partlayış baş verən mebel sexi ilə bağlı yeni məlumat yayılıb. Yerli mətbuatda da dərc olunan materialda qeyd olunub ki, sözügedən mebel sexi Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və qardaşlarına məxsusdur.

Qardaşlardan biri - “Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli açıqlama verib. Hacı İbrahim mətbuata açıqlamasında sözügedən sexlərin ona və qardaşı Tağı İbrahimova məxsus olduğunu təsdiqləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Doqquz nəfərin öldüyü mebel sexi keçmiş komitə sədrinin qardaşlarına məxsus imiş


“Bəli, sexlər bizimdir. Ağac Emalı Zavodunu özəlləşdirib, yerində Tağı İbrahimov yaşayış binası tikəcəkdi. Bununla bağlı layihə də vermişdik. Hələlik təsdiqlənmədiyi üçün ərazini sahibkara icarəyə vermişdik və bu hadisə baş verdi. Həmin sahibkar da hadisə zamanı dünyasını dəyişib. Yazığ Tağı buna nə etsin? İcarəyə vermişdi, bütün texniki təhlükəsizliyə sözügedən sahibkar cavabdeh idi”.

Bu açıqlamadan sonra ATV-nin keçmiş prezidenti, iş adamı Tağı İbrahimov isə yerli mediaya açıqlamasında sözügedən mebel sexinin sahibi olması ilə bağlı qardaşının səsləndirdiyi fikri inkar edib:

“Yanan mebel sexi mənim deyil, bunun bizimlə əlaqəsi yoxdur”.

Hazırda Türkiyədə olduğunu deyən Tağı İbrahimov qardaşı hacı İbrahim Nehrəmlinin fikirlərini də yalanlayıb:

“Qardaşım yalan deyir, o obyektin mənimlə heç bir əlaqəsi yoxdur. O bina Həmid müəllimin olub, o da bir neçə il əvvəl icarəyə verib”.

Bəs, baş vermiş bu hadisəyə görə cavabdeh şəxsləri qanunvericiliyə görə hansı cəza gözləyir?

Suala Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev aydınlıq gətirib.

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, artıq faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb: 

“CM-nin 314-cü maddəsinə görə səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bundan əlavə vəzifəli şəxs 3 ilədək vəzifətutmaq səlahiyyətindən məhrum edilə bilər. 314.3 maddəsinə görə səhlənkarlıq 2 və daha çox adamın ölümünə səbəb olduqda 3 ildən 7 ilədək həbs cəzası verilə bilər”. 

Bəs, bu hadisədə konkret olaraq kimlər məsuliyyətə cəlb olunacaq?

Əsabəli Mustafayev suala cavab olaraq qeyd edib ki, mövcud qanunvericiliyə görə, istənilən fəaliyyət sahəsində yanğın təhlükəsizliyi qaydasına cavabdeh olan şəxs və şəxslər olur:

“Məhz həmin şəxs və şəxslər də yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin edir. Lakin həmin şəxs və ya şəxslər müəssisə rəhbərini hər hansı bir məsuliyyətdən azad etmir. Çünki rəhbər şəxs təyin etdiyi işçinin öz vəzifəsini necə icra etdiyini izləməlidir”.

Xatırladaq ki, mebel sexində baş verən hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. Ümumilikdə 24 nəfər xəsarət alıb.
Qeyd edək ki, Hacı İbrahim Nehrəmli sözügedən sexin ona və qardaşı Tağı İbrahimova məxsus olduğunu “qaynarinfo.az”a, Tağı İbrahimov isə təkzib xəbərini “demokrat.az”a açıqlamasında bildirib.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin