Hazırda işğaldan azad olunan torpaqlarda ermənilərin Azərbaycan ərazilərinə vurduqları ziyanı hesablamaq, onlara dair tədqiqatlar aparmaq bir az çətin məsələdir, məlumdur ki, ərazilər minalanıb. Bu kiçik ərazilər deyil, ona görə zaman alacaq”.
Bizim.Media-ya açıqlamasında bunu Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Ermənistanın işğal zamanı vurduğu ziyanın hesablanması məsələsi barədə danışarkən bildirib.
Onun sözlərinə görə, tezliklə ermənilər tərəfindən törədilən dağıntılar qiymətləndirilməli və Azərbaycan buna görə, ödəniləcək kampensasiyasını tələb etməlidir.
“Bu barədə ictimai açıqlama verilmir. Bunun haqqında yəqin ki, sübutlarla Azərbaycan beynəlxalq məhkəmələrə müraciət edəcək.
Ancaq indiki vəziyyətdə bu dağıntılar qeydiyyata alınmalıdır. Bu işdə də gecikmək olmaz. Tezliklə, bu qiymətləndirmə xarici mütəxəssislərin və beynəlxalq nümayəndələrin iştirakı ilə həyata keçirilməli, aktlara imza atılmalıdır. Çünki sabah bu məsələlər qalxanda erməni xisləti yenə öz fəaliyyətini yerinə yetirəcək. Onlar bizi haqlı olaraq, haqsız vəziyyətə salmağa çalışacaqlar. Bu məsələlərdə çox ehtiyatlı olmaq lazımdır. Daha sonra bərpa işlərinə başlaya bilərik”.
Ə.Mustafayev proses barəsində də məlumat verib:
“Əvvəl ərazilərə dəymiş ziyan hesablanır, daha sonra qarşı tərəfdən könüllü olaraq, ödəniş tələb olunur. Əgər qarşı tərəf ödənişdən imtina etsə, beynəlxalq məhkəmədə iddia qaldırılmalıdır.
Lakin iddia qaldırmaqda da yubanmaq olmaz. Çünki prosesin üzərindən bir müddət keçdikdən sonra məsələ hüquqi mahiyyətini itirir və məhkəmə tərəfindən qəbul olunmur. Ona görə qiymətləndirmədə də yubanmaq olmaz, bunun üçün minadan təmizlənən ərazilərdə artıq qiymətləndirmə başladılmalıdır”.
Sonda hüquqşünas ermənilərin kompensasiyanı ödəməkdən boyun qaçırdıqları təqdirdə qarşılacaqları qadağalardan da danışıb.
O, qeyd edib ki, məhkəmənin qərarını icra etməmək Ermənistanın imicinə böyük zərbə vura bilər.
“Onlar beynəlxalq konvensiyalarda götürdükləri öhdəlikləri icra etməmək kimi addım da atacaqlar.
Bu hər yerdə yayılacaq, hesabatlara salınacaq, Avropa Şurasının saytında yerləşdiriləcək. Ermənistan bir tərəfdaş kimi nüfuzunu itirəcək. Bu da onun iqtisadi, siyasi əməkdaşlığına, ölkəyə yatırımların gətiriliməsində bir sıra əngəllər törədəcək. Bundan başqa Avropa Şurasında səs hüququ dayandırıla bilər”.
Vüsalə Balayeva, Bizim.Media