QMİ Ramazan ayı ilə bağlı fətva verdi

Hazırda oxunan: QMİ Ramazan ayı ilə bağlı fətva verdi

17337

Aprelin 9-da Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının növbəti iclası keçirilib.

İdarənin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə onlayn formatda keçirilən iclasda Ramazan ayının başlanması ilə əlaqədar Fətva müzakirə olunub.

İclasda Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna cavab olaraq, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun imzası ilə Şeyxülislam Allahşükür Paşazadənin ünvanına daxil olan məktubun mətni oxunub.

QMİ-nin Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar Fətva qəbul edib. Fətvada deyilir:

“Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna cavab olaraq daxil olan məktubuna əsasən bildiririk ki, bu il üfüqümüzdə Hilalın (təzə Ayın) aprelin 13-ü Şam namazı ərəfəsində görünəcəyinə görə Ramazan ayının 1-i miladi təqvimlə 14 aprel 2021-ci il tarixinə təsadüf edəcək.

Biz builki Ramazan ayına bütün dünyada hələ də səngiməyən virus təhlükəsi şəraitində daxil oluruq.

Din xadimləri dövlətimizin insan həyatının qorunması məqsədilə həyata keçirilən vaksinləşmə tədbirlərini dəstəkləyirik. Ramazan boyunca bu mühüm proses davam etməlidir. Yüksək din alimlərinin rəyinə görə, Ramazan ayı boyunca oruclu şəxsin vaksin vurdurması orucu batil etmir.

Yoluxmaların artma təhlükəsi olduğundan, xüsusi karantin rejimi dövründə adət-ənənələrimizə söykənən kütləvi dini mərasimlərin müvəqqəti olaraq keçirilməməsini tövsiyə edir, İftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırırıq.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.

Qazılar Şurasının qənaətinə görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. 

İnşallah, Eydül-Fitr–Ramazan bayramı Şəvval ayının 1-i-Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 13-nə təsadüf edəcəkdir. 

Allah oruc və namazlarınızı qəbul etsin, bizləri məğfirət və mərhəmətinə nail olan bəndələrindən qərar versin. Amin!”

İclas cari məsələlərin müzakirəsi ilə işini davam etdirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin