Gəncə şəhər ərazisində müşahidə edilən qarlı və şaxtalı hava şəraiti ilə bağlı Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikaları vasitəsilə səhər saatlarından başlayaraq yolların, eləcə də piyada səkilərinin qardan təmizlənməsi işləri aparılıb.
Mənzil Kommunal Təsərüfatı İstehsalat Birliyinindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, qurumun anbarlarına tədarük olunan qum və duzdan istifadə olunmaqla şəhərin bütün yolları və piyada səkiləri buzdan operativ şəkildə təmizlənib.
Qarlı və şaxtalı hava hökm sürməsinə baxmayaraq görülən tədbirlər nəticəsində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkəti təmin edilib.
Gücləndirilmiş iş rejimi ilə bağlı olaraq MKTİB-nın 14 Mənzil İstismar İdarəsinin hər birinə, əraziləri üzrə binaların qarşısını və səkiləri qardan təmizləmək üçün lazımi sayda kürək, bel, işçilərə isə xüsusi qış geyimləri paylanılıb.
Hava şəraitinin gecə saatlarına doğru şaxtalı olması və yolların buz bağlaması nəzərə alınaraq Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi müxtəlif təyinatlı yeni texnikaları növbəlilik əsasında yollara qum-duz qarışığı səpirlər.
Məqsəd Rəhimov, Bizim.Media Qərb Bürosu