Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin direktor müavini Fəxriyyə Qurbanovanın işinə rəsmi aydınlıq gətirilib.
Bizim.Media “konkret.az”a istinadən xəbər verir ki, bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Qələmşah Dostuyev məlumat verib.
MÖVZU İLI BAĞLI:
Xaçmazda direktor həyat yoldaşını özünə müavin TƏYİN ETDİ
Bildirilib ki, adıçəkilən məktəbin direktoru Daxil Qurbanovun həyat yoldaşı Fəxriyyə Ağarəhim qızı Qurbanovanı özünə təsərrüfat işləri üzrə müavin təyin etməsindən media vasitəsilə xəbər tutulub və məsələ ilə bağlı dərhal araşdırmalar başlanılıb.
Sektor müdiri qanuna görə, yaxın qohumların bir strukturda vəzifə daşımasının yolverilməz olduğunu xatırladıb. Əlavə edilib ki, bu səbəbdən Qurbanovlardan biri işdən kənarlaşdırılacaq:
“Qanunun müvafiq tələblərinə əməl olunmadığı halda, bir ay müddətində onlardan biri öz ərizəsi ilə işdən ayrılmalıdır. Və əgər bu, könüllü şəkildə baş verməzsə, iş məcburi qaydada əmrləşdirilib, vəzifəyə xitam verilməlidir. Artıq bununla bağlı araşdırma başlayıb, direktor və müavinlə söhbət aparılıb. Yəqin ki, həftənin birinci günü məsələnin nəticəsi barədə rəsmi məlumat veriləcək”.
Xatırladaq ki, Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin direktoru Daxil Qurbanov həyat yoldaşı Fəxriyyə Ağarəhim qızı Qurbanovanı özünə təsərrüfat işləri üzrə müavin təyin edib.
Bizim.Media