Quba sakininə qaza görə əlavə borc yazılıb? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Quba sakininə qaza görə əlavə borc yazılıb? – RƏSMİ AÇIQLAMA

172956

Son günlər sosial şəbəkələrdə əhaliyə sərf etdikləri qaz pulunun normadan artıq gəlməsi ilə bağlı məlumatlar yayılır.

Bizim.Media-ya belə sakinlərdən biri, Qubanın Afurca kənd sakini, təqaüddə olan müəllim Mədət Mahmudlu müraciət edib.

Mədət Mahmudlu "Azəriqaz" İstehsalat Birliyindən narazılığını həm də yazılı şəkildə saytımıza təqdim edib. Onun sözlərinə görə, son bir il ərzində yaşadığı Afurca kəndində "Azəriqaz"ın heç bir nəzarətçisi sakinlərə bildiriş verməyib:

"2020-2023-cü illər ərzində  hər ay  2 dəfə olmaqla nəzarətçi olmayan bir şəxs gəlib göstəriciləri götürüb, sonra isə həmin şəxs əvvəlki məlumatın  bildirişini başqa şəxs olan nəzarətçinin adı yazılmış halda verib. Belə olanda isə həmin şəxsə nəğd pul ödəyən  abonentlər, sözsüz ki, dəfələrlə hiylə ilə aldadılıb. Konkret olaraq mənim adıma yazılan son 18 manat qaz borcunun hesabıma nə vaxt  yükləndiyini bilmirəm. Mən həmin borcu  21.12.2023-cü il tarixdə ödəmişəm".

Quba sakini  saxtakarlıq  yolu ilə ona artıq borc yazılmasını ASAN Xidmətdən aldığı arayışla daha ətraflı izah edib:

"2023-cü ilin 10-cu ayında sayğacdakı 9689 göstəricisi ilə əvvəlki 9655-in fərqi 34 kubmetrdir və 5,60+4,08 olmaqla artıq pul ödənib. Rayon qaz idarəsi sayğacdan qeydiyyat götürmədə bildiriş vermədən 150 kubmetr (18 manat) işlənməyən qazın pulunu  saxta 9839 kubmetr üçün ötən ilin 21 dekabrında məndən alıb".

Şikayətçi deyir ki, ötən il dekabr ayının 29-u saat 13-də sayğacın 9820 fotosunu çəkib, həmin gün sast 16-da Quba qaz idarəsində 9839  kubmetrə görə artıq  pul yazıldığını  görüb. Çıxarış tələb edəndə isə ona bu verilməyib. Vətəndaşın sözlərinə görə, maraqlı bir nüans isə bir gün sonra - dekabrın 30-da ASAN Xidmətdən aldığı arayışda bir gün öncə qaz idarəsində gördüyü 9839 kubmetrin yenidən 9820 kumetr ilə əvəz olunmasını görməsi olub.

Vətəndaş qaz puluna edilən şişirmələrlə bağlı yenidən "Azəriqaz"a və Baş Prokurorluğa müraciət etdiyini bildirib. Həmçinin ondan artıq alınan pulun və əlavə təzminatın verilməsi tələbi ilə məhkəməyə də müraciət edəcəyini qeyd edib. 
Şikayətçi qaz pulunun artıq yazılması ilə bir çox sakinlərin üzləşdiyini də deyir. "Bəzi sakinlər hüquqlarını bilmir, bəziləri işə şikayət eləmir", - deyə o vurğulayıb.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyevə sorğu ünvanladıq. Qurum rəsmisi şikayətçini narahat edən problemlə bağlı Quba qaz idarəsi əməkdaşlarının həmin kənddə olduqlarını və məsələnin araşdırıldığını deyib:

"Həmin kənd dağ kəndidir. Əməkdaşlarımız bu gün o kəndə gedib və ağsaqqalla görüşüblər. Qaz bildirişləri ilə sərfiyyatları tutuzdurub yoxlayıblar. Şikayətçi heç bir problem görmədiyini deyib və məsələ bitib. 

Amma bu məsələ qalıb bir yana, bizim nəzarətçi çilingərlərin tez-tez dəyişməsini ortaya atıb. Onun ona dəxli var? Nəzarətçi çilingərin kim olmasının ona nə aidiyyatı var? Ona izah olunub ki, həmin nəzarətçi imtahan verib başqa bir idarəyə gedib. Məsələ bitib".

Maraqlıdır ki, şikayətçi Mədət Mahmudlu bizə açıqlamasında onunla "Azəriqaz" ın Quba idarəsi işçilərinin görüşmədiyini iddia edir. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin