Çıxarışsız evlərin sənədləşdirilməsi niyə VACİBDİR? – TƏHLİL 

Hazırda oxunan: Çıxarışsız evlərin sənədləşdirilməsi niyə VACİBDİR? – TƏHLİL 

172775

Gürcüstanda sənədsiz fərdi yaşayış evləri ilə bağlı tikinti amnistiyası qüvvəyə minib. Bundan sonra bütün sənədsiz əmlak sahibləri ilkin sənəd təqdim etməklə evlərini dövlət qeydiyyatına aldıra biləcəklər.

Bəs, ölkəmizdə belə bir addımın atılması nə qədər zəruridir?

Millət vəkil Fazil Mustafa Bizim.Media-ya açıqlamasında bildirib ki, sənədsiz evlərin dövlət qeydiyyatı Azərbaycanda problem olaraq qalır:
 

MÖVZU İLƏ BAĞLI:

Çıxarışı olmayan mənzillərin satışı qadağan edilə bilər - VİDEO


“Hətta qeyri-yaşayış sahələrinin sənədləşdirilməsi ilə bağlı Prezidentin sərəncamı da var. Təəssüf ki, buna da hələ tam şəkildə əməl olunmur. Neçə vaxtır ki, belə bir göstəriş verilib, amma icra edilmir. Bu da vətəndaşların haqlı narazılığına səbəb olur. 

Kommunikasiya xətlərindən kənarda və uzun illər əvvəl tikilən evlərin dövlət qeydiyyatına alınması əslində mülkiyyət hüququnun tanınması deməkdir. Bunu dövlətin vacib bir addımı kimi həyata keçirmək lazımdır. 

Əfsus ki, bu sahədə hələki hər hansı bir hərəkətlilik görmürük.  Nəzərə alaq ki, həm mənzillərin, həm də qeyri-yaşayış sahələrinin dövlət qeydiyyatına alınmasının çox böyük iqtisadi və sosial əhəmiyyəti var. Ona görə də bu problem nə qədər tez həll edilsə, həm vətəndaşlar, həm də dövlət qazanar”.

“Əgər o torpaqları rəsmi qurumlar ayırıbsa...”

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev qonşu Gürcüstanda əmlak amnistiyasının verilməsini müsbət addım kimi qiymətləndirib:

“Bu vətəndaşların əmlak hüququnun tanınmasına imkan yaradır. Ən əsası Gürcüstan höküməti bu addımı ilə ciddi gəlirlər əldə edəcək. 

Nəzərə alaq ki, Abşeron yarımadasında dövlət qeydiyyatı olmayan yüz minlərlə fərdi evlər, qeyri-yaşayış sahələri və torpaq sahələri var. Bu əmlakların bir hissəsi sovetlər dövründən qalıb. Digər bir hissəsi isə son 30 ildə formalaşıb. Bu gün Alatava, Kubinka, Papanin və digər massivlərdəki sənədsiz evlər bizə sovetlərdən miras qalıb. Sənədsiz sayılan digər evlərsə vaxtilə kolxoz-sovxoz, daha sonra isə yerli icra hakimiyyətləri və bələdiyyə qərarları ilə salınan massivlərdir. 

Təbii ki, fərdi mənzil tikintisi üçün torpaq ayıran hər bir təşkilat rəsmi qurumdur. Onların bir çoxu hətta dövlət orqanlarıdır. Bununla belə bu qurumların ayırdığı ərazilərdə tikilən evlərin böyük əksəriyyəti bu günə kimi dövlət qeydiyyatına alınmayıb”. 

Elnur Fərzəliyev sənədləşmənin aparılmamasının müxtəlif səbəbləri olduğunu diqqətə çatdırıb:

“Bəzi evlər kənd təsərrüfatı təyinatlı torpaqlar üzərində inşa edilib. Az miqdarda evlər qadağan olunmuş ərazilərdə tikilib. Lakin əksər evlərin tikintisi müvafiq qaydalara əsasən aparılıb. Həmin mənzillərin sənədləşdirilməsində əslində heç bir problem olmamalıdır. Çox təəssüf ki, həmin mənzilləri özəlləşdirməməklə vətəndaşların mülkiyyət hüququ pozulur. Bu prosesdə isə ən böyük ziyan görən dövlət büdcəsidir. 

Əminliklə demək olar ki, problemli əmlakların özəlləşdirilməsi hesabına dövlət büdcəsi xeyli gəlir əldə bilər. Sənədsiz evlərə çıxarış verilsə, bank sektoru da yeni imkanlar qazanar. Məlumdur ki, banklar daha çox Abşeron yarımadasında olan əmlakları girov kimi qəbul edir. Əgər sənədsiz evlər dövlət qeydiyyatına alınsa, onda bankların kredit portfeli də böyüyər. Üstəlik, alınan kreditlər hesabına yeni istehsal və xidmət sahələri yaradılar. Hətta bu problemin həlli sığorta bazarına da yeni nəfəs verə bilər”. 

Çıxarışı olmayan mənzillər hansı problem yaradır?

Ekspert onu da qeyd edib ki, çıxarışı olmayan evlər əmlak və torpaq  vergisi verməkdən yayınır, alqı-satqı predmeti ola bilmir, sığortalanmır:

“Çıxarışı olmayan mənzillər həm də sosial problem yaradır. Məsələn, çıxarışı olmayan evlərdə yaşayanlar boşanarkən mənzil hüququndan yararlana bilmir, ailə başçısı itirilən zaman vərəsəlik hüququ tanınmır və ən başlıcası insanlar yaşadıqları ünvana qeydiyyata düşə bilmirlər. Bir sözlə, 500 min mənzilin özəlləşdirilməməsi iqtisadiyyatımıza və sosial həyatımıza çox böyük ziyanlar vurur. 
Bir daha deyirəm ki, qeydiyyata alınmayan evlərin əksəriyyətinə bu və digər dövlət qurumu tərəfindən sənəd verilib. Lakin bir dövlət qurumu başqa bir dövlət qurumunun verdiyi sənədi qəbul etmir. Əgər ilkin sənəddə hansısa saxtakarlıq varsa, buna görə vətəndaş deyil, müvafiq qurumlar məsuliyyət daşıyır”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin