İranın azərbaycanlı tələbəni həbs etməsi ilə bağlı SENSASİON DETALLAR 

Hazırda oxunan: İranın azərbaycanlı tələbəni həbs etməsi ilə bağlı SENSASİON DETALLAR 

172484

Xəbər verdiyimiz kimi Qum şəhərində dini təhsil alan Azərbaycan vətəndaşı Davud Səfər oğlu Səfərov Vətənə qayıtmaq istəyərkən İran sərhədçiləri tərəfindən həbs olunub. Bu barədə informasiyanı “Azad İran” “Telegram” kanalı yayıb. 

Həbsin təfərrüatı

Mənbə yazır ki, Davud Səfərov 2021-ci ildən “İmam Xomeyni” mədrəsəsində dini təhsil alıb. Tədris prosesində siyasi mövzular, anti-Azərbaycan dərsləri təbliğ olunduğundan, eləcə də tələbələrin sosial durumunun pis vəziyyətinə görə Davud İranda oxumağa davam etmək istəməyib.
 

MÖVZU İLƏ BAĞLI:

İrandan Azərbaycana qayıtmaq istəyən tələbə şərlənərək həbs olundu


Yaxınlarının dediyinə görə, ona hətta qanunsuz silahlı qruplaşma kimi fəaliyyət göstərən “Hüseyniyyun” təşkilatına qoşulması üçün İran hüquq-mühafizə orqanları tərəfindən təzyiqlər də göstərilib.

Qarşılaşdığı haqsızlıqlardan, qeyri-insani davranışlardan bezən Davud Azərbaycana qayıtmaq istəyib. Ancaq sənədlərinin düzgün olmadığı bəhanəsi altında İran sərhədçiləri tərəfindən saxlanıb və sərhəddən buraxılmayıb. Onun xarici pasportu əlindən alınıb və azadlığı məhdudlaşdırılıb.

Davud Səfərovun nə zaman və hansı səbəbdən saxlanılması barədə rəsmi məlumat yoxdur. 

Təkcə Azərbaycan tərəfi deyil, İran rəsmiləri də hələlik açıqlama verməyib. Molla-fars rejiminin susqunluğu isə müəyyən suallar doğurur. Nəzərə alaq ki, dini təhsil adı ilə İrana aparılan gənclərin əkəriyyəti bu ölkənin xüsusi xidmət orqanları tərəfindən ələ alınır və sonrakı dövrlərdə onlardan siyasi məqsədlər üçün istifadə edilir. Təsadüfi deyil ki, son 3 ildə xüsusi xidmət orqanlarımız Azərbaycanda İranın xeyli sayda agentura şəbəkəsini ifşa edib. 

Proses bu gün də davam edir… 

Çünki son 35 ildə İran Azərbaycan cəmiyyətini öz təsir dairəsinə salmaq üçün müxtəlif üsullardan istifadə edib. Bu yollardan ən böyüyü isə din faktorudur. Azərbaycanlı gənclər bir qayda olaraq İranın Qum, Xorasan, Məşhəd və digər şəhərlərində dini təhsil prosesinə cəlb ediliblər. 

İranın dini təhsil müəssisələrində isə müdavimlərə tam fərqli İslam təlim edilir. Daha doğrusu molla-fars rejimi özünün siyasi məqsədləri üçün yeni bir İslam təqdim edir. 

Bu tədris və təlimdə İslamın əsas prinsipi insanlıq və humanizmi arxa plana keçir, nifrət və düşmənçilik önə çəkilir. Maraqlıdır ki, müdavimlərə təkcə qeyri-islam ölkələrinə yox, həm də İslam ölkələrinə qarşı nifrət aşılanır. Çox təəssüf ki, nifrət aşılanan ölkələrin başında Azərbaycan gəlir. 

Molla-fars rejiminin Azərbaycana qarşı düşmənçilik mövqeyi tutmasının səbəbləri bəlli olduğu üçün bu məsələnin üzərində çox dayanmayacaq. Çünki bu dəfəki mövzunun obyekti Davud Səfərovdur. 

Bu gənc Quma gedərkən yəqin ki, bu təhsilin arxasında nələrin dayandığının fərqində olub.

Çünki məşhur məsəldə deyildiyi kimi, “pulsuz yemək ancaq siçan tələsində olur”. Yəni, heç bir ölkə başqa dövlətin vətəndaşına xeyirxahlıq üçün pulsuz təhsil vermir. 

Xaricdəki istənilən pulsuz təhsil birbaşa siyasi məqsəd daşıyır. Ona görə də bu vaxtadək İranda təhsil alan əksər soydaşlarımız bilərəkdən və bilməyərəkdən molla-fars rejimin maraqlarına xidmət ediblər. 

Davud da həmin adamlardan biridir. Ola bilsin ki, Davud yanıldığını gec də olsa anlayıb və təhsilini yarımçıq qoyub geri qayıtmaq istəyib. Bu hal istisna edilmir. Amma burada diqqət çəkən başqa bir məqam var. Məlumdur ki, İranın İslam dini adı altında yaradılmış şəbəkəsi kifayət qədər ifşa edilib. Amma bu proses sona çatmayıb. 

Davudla bağlı plan isə yəqin ki, başqadır…

Şəbəkənin daralmasını görən molla-fars rejimi ola bilsin ki, yeni üsula əl atıb. Yəqin ki, İranın xüsusi xidmət orqanları Davud Səfərov və bundan sonra digər “tələbələr” üzərində oyun quracaq. İranın təhsil sisteminə “etiraz edən” gənclərdən ibarət “narazı” yeni oyunçular hazırlanır. Bu “etirazçılar” müəyyən dövrdən sonra Azərbaycana qayıdırlar. 

Amma bu qayıdış daha səsli-küylü olur. İran “əsarətindən xilas olan” tələbələr əvvəlcə Azərbaycanda anti-İran təbliğatı aparırlar. Bunun hesabına da cəmiyyətdə “qəhrəman”a çevrilən “din xadimləri” müəyyən müddətdən sonra aktiv fəaliyyətə başlayırlar. 

Vaxtilə İranı ifşa edənlər aldıqları “dini təhsili” tədricən cəmiyyətə ötürürlər. Əslində bu cür “din xadimləri” sələflərindən daha təhlükəlidirlər. Çünki onlar sözdə İranı pisləsələr də, əməldə molla-fars rejiminin öyrətdiklərini xalqa ötürürlər. 
Ona görə də Davud Səfərovun həbsinin çox qaranlıq məqamları var. Bir sözlə, cəmiyyət olaraq, bu cür məsələlərdə ehtiyatlı davranmaq olduqca vacibdir. 

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin