Yaponiyada həftənin əvvəlində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb. Daha 210 nəfər hələ də itkin düşmüş hesab olunur.
Bizim.Media xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Zəlzələdən zərər çəkən İşikava prefekturasında xilasetmə işləri davam edir, lakin dağılmış yollar və hava şəraiti onlara mane olur. Sinoptiklər rayonda yağış, ardınca qar yağacağını proqnozlaşdırırlar.
Qeyd edək ki, Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkanın qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb.
Zəlzələ ölkənin şimal, cənub və mərkəzindəki yaşayış məntəqələrində, o cümlədən paytaxt Tokioda da hiss olunub. İşikava prefekturası üzrə 34 min sakin təxliyə edilib. Yeraltı təkanlar yaşayış binaları, fərdi evlərlə yanaşı, infrastruktura, kommunikasiya xətlərinə, su və elektrik təchizatı sisteminə ciddi ziyan vurub.
Bizim.Media