II Qarabağ savaşında döyüşən qazi Kənan Ələkbərzadə işlə təmin oluna bilməməsi ilə bağlı saytımıza müraciət etmişdi. Yazı dərc edildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinə sorğu göndərildi.
Bizim.Media xəbər verir ki, qurumdan sorğumuza müsbət cavab verilib.
MÖVZU İLƏ BAĞLI:
Sumqayıtlı qaziyə iş verən tapılmır – Bəs demişdilər...
Bildirilib ki, Sumqayıt şəhər sakini, Vətən müharibəsi qazisi Ələkbərzadə Kənan İsa oğlu 13.04.2020 tarixindən “Məşğulluq” altsistemində qeydiyyatdadır:
“Postmüharibə tədbirləri çərçivəsində 02.03.2021 tarixində K.Ələkbərzadənin məşğulluğunun təmin olunması üçün özünün də istəyi ilə çilingər zərfi üzrə özünüməşğulluq proqramına qeydiyyatı aparılıb. Yaxın vaxtlarda növbədənkənar təlimlərə cələb edilərək avadanlıqlarla təmin ediləcək”.
Qeyd edək ki, 3700-dək qazi aktiv məşğulluq proqramları ilə əhatə olunub.
Onlardan 3030-u özünüməşğulluq proqramına cəlb edilib və seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfat və müəssisələrini qurmaları üçün aktivlərlə təmin edilməsi üçün işlər aparılır.
645 nəfərin isə ödənişli ictimai işlər, əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramları vasitəsilə məşğulluq məsələlərinin operativ həllinə dəstək göstərilib.
Gülşanə Mustafayeva, Bizim.Media