Kişiləri müəllimliyə necə CƏLB edək? – Deputatdan maraqlı TƏKLİF 

Hazırda oxunan: Kişiləri müəllimliyə necə CƏLB edək? – Deputatdan maraqlı TƏKLİF 

171563

Azərbaycanda kişi müəllimlərin sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Elm və Təhsil Nazirliyinin son statistikasından da məktəblərdə gender fərqinin kəskin şəkildə olduğu bəlli olub. Ölkədə ümumilikdə 22 min 461 kişi, 121 min 284 qadın müəllim var. 

Bu fərq həm paytaxt, həm də bölgələrdə özünü göstərir. Belə ki, Bakıda fəaliyyət göstərən 33 min 312 müəllimin 2590 nəfəri kişi, 30 min 722 nəfəri isə qadındır. Regionlarda isə 110 min 433 nəfər müəllimimiz var ki, onlardan 19 min 871 nəfərini kişi, 90 min 562 nəfərini isə qadın müəllimlər təşkil edir.

Ölkədə müəllim ixtisasına marağın artırılması üçün bir sıra layihələr həyata keçirilir. Müəllimləri bölgələrdə işləməyə cəlb etmək üçün rayon mərkəzindən uzaqlığına görə iki istiqamətli həvəsləndirmə (H1 və H2) tətbiq edilir. Yəni cinsindən asılı olmayaraq həmin müəllimlərin əməkhaqqına müəyyən məbləğdə əlavələr edilir. Kişi müəllimlərin paytaxta nisbətən bölgələrdə çoxluq təşkil etməsində bunun cüzi də olsa, rolu var.

Digər tərəfdən, psixoloqlar məktəbdə təlim-tədrisin yalnız bir cins tərəfindən aparılmasının fəsadlarının olacağından narahatdılar.

Bəs, hansı tədbirlər görülsə, kişiləri müəllimliyə cəlb etmək olar?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Etibar Əliyev ölkədə müəllimlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bir çox addımların atıldığını deyib:

“Əslində, müstəqillik illərindən sonra müəllimlərin qadın və kişi tarazlığına çox ciddi diqqət yetirilməli idi. Müəllim peşəsi hər iki cins üçün maraqlı peşədir. Müəllimlərin əməkhaqqında diaqnostik qiymətləndirmə və sertifikasiya imtahanından sonra artımlar oldu. Ölkədə müəllimlərin repetitorla məşğul olmalarında heç bir maneə yoxdur. Yəni müəllimin yaşayışı, təminatı üçün ölkədə kifayət qədər şərait yaradılıb. Bəzən bir çox ölkələrdə müəllimlərin maaşları ilə ölkəni müqayisə edirlər. Orada keyfiyyət ciddi şəkildə tələb olunur. Bizdə isə istər kişi, istər qadın müəllimlər olsun keyfiyyətə bir o qədər cavabdehlik daşımırlar”.

Milli Məclisin üzvü hesab edir ki, məktəb müəllimləri arasındakı gender bərabərsizliyi təbii xarakter alıb:

“Qızların müəllim olmaq həvəsi çoxalır, oğlanlarda isə azalır. Təbii prosesdir, heç kimi məcbur etmək olmaz. Sadəcə, bəzi rəğbətlənmə və maarifləndirmə tədbirləri həyata keçirilməlidir ki, kişi müəllimlərin sayı artsın. Məktəbdə müəllimlərin 85 faizini qadınlar təşkil edirsə, bu, təbii xarakter alaraq gəlib bu rəqəmə çatıbdır. Tədbirlər görülsə də reallıq bundan ibarətdir. Oğlanlar hətta pedaqoji ixtisaslara daxil olandan sonra həmin peşəni seçmirlər, onun arxasınca getmirlər. Onlar diplom, ali təhsil xatirinə təhsil alıblar”.

O, kişi müəllimlərin əməkhaqqına hansısa formada əlavələrin olmasının tərəfdarı deyil:

“Burada fərqləndirmənin özü də müəyyən əks effekt yarada bilər. Kişi cinsindən olan müəllimə qadın cinsindən olan müəllimdən iki dəfə çox maaş verilsin ki, o müəllim olsun. Ancaq axın yaransa belə, kişilər  keyfiyyətli müəllim olacaqmı?! Həm də bu, müəllimlər arasında cinsi ayrı-seçkiliyə, fərqliliyə gətirib çıxaracaq. Müəllimlər üçün xeyli vakant yerlər elan olunur, kişi cinsindən olanlar orada iştirak etsələr, lap yaxşı olar. Yaponiyada bütün məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri kişilərdir. Məktəbdə də kişilər üstünlük təşkil edirlər, ölkənin təhsil sistemi inkişaf edib. Düşünürəm ki, bir proqramın qəbul olunması üzərində düşünməyin vaxtı gəlib çatıb. Elə orta məktəbi bitirən kişi cinsindən olan abituriyentlərin çoxu da müəllimlik ixtisasını seçmir”.

Etibar Əliyev kişi repetitorlarla qadınlar arasında fərqin az olduğunu və yaxud kişilərin çoxluq təşkil etdiyini bildirib. Onun sözlərinə görə, indi həm də elmlə məşğul olan qadınların sayı artıb:

“Əvvəllər elmlə daha çox kişilər məşğul olurdular, indi isə qadınların sayı artıb. Çünki gənc aspirant, gənc doktorant o təqaüdlə istər subay, istərsə də evli vəziyyətdə özünü yaşada bilmir. Bu, çox aşağı məbləğdir. Ona görə də qadınlar elmə daha çox maraq edirlər. Əvvəllər təbiət elmləri üzrə alimlik dərəcəsi alanlar arasında kişilər çox idi, indi qadınların sayı artıb”.

Deputat əsas məsələnin regionlarda müəllim çatışmazlığından ibarət olduğunu vurğulayıb:

“Burada ən ciddi məsələ regionlardadır. Yəni istər qadın, istərsə də kişi olsun qeyri-ixtisas müəllimləri başqa fənni tədris etməməlidir. Fənnin öz müəllimi həmin fənni tədris etməlidir. Burada artıq qadın və kişinin fərqi yoxdur, o fənlər boş qalmamalıdır. 

Regionlarda müəllim çatışmazlığı nəzərə alınıb və bir sıra stimullaşdırıcı, rəğbətləndirmə tədbirləri həyata keçirildi. Amma bu müəyyən bir dövrdə effekt verdi. Təxminən bir-iki il bundan öncə rayonların birində rast gəldim ki, coğrafiya müəllimi riyaziyyat dərsi, biologiya müəllimi fizika dərsini tədris edir. Bu, o deməkdir ki, 21-ci əsrdə bizdə regionlarda müəllim çatışmazlığı var”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin