Xəstəxanaların SIXLIQ DƏRDİ – Onlayn növbə problemə son QOYACAQMI?

Hazırda oxunan: Xəstəxanaların SIXLIQ DƏRDİ – Onlayn növbə problemə son QOYACAQMI?

170681

Son zamanlar Abşeron yarımadasındakı tibb müəssisələrində ciddi sıxlıq yaşanır. Bu sıxlığı aradan qaldırmaq üçün xəstəxanalarda onlayn növbə sisteminin tətbiqinə başlanılıb. Bu barədə TƏBİB məlumat yayıb. 

Məlumatda deyilir ki, Bakıda artıq bir çox xəstəxanada onlayn növbə sistemi fəaliyyətə başlayıb: 

“Növbələrlə bağlı sistem bəzi xəstəxanalarda bu ayın əvvəlindən tətbiq olunmağa başlayıb. Xəstəxanalara müraciətlərin çoxluğu ilə yaranan növbələr vətəndaşlar üçün çətinlik yaradır. İlk növbədə, Bakı xəstəxanaları onlayn növbəyə keçir. Vətəndaşlar evdə oturaraq öz növbələrini rahat şəkildə götürə biləcək və tibbi xidmətlərdən keyfiyyətli şəkildə istifadə edəcək”.
 

MÖVZU İLƏ BAĞLI:

Xəstəxanalarda “donan” SİSTEM – Həkim qəbuluna düşmək niyə PROBLEMƏ ÇEVRİLİB?


Bəs, onlayn növbə sistemi xəstəxanalarda sıxlığı aradan qaldıracaqmı?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Həkimləri İctiami Birliyinin sədr müavini Aydın Əliyev onlayn növbənin tətbiqini müsbət qiymətləndirib:

“Amma yaxşı olardı ki, həm onlayn, həm də oflayn növbələr olsun. Ona görə ki, hansısa xəstə gəlib 2 saat növbə gözləyir. Onun növbəsi çatanda isə məlum olur ki, kiminsə onlayn növbəsi varmış. Bu da haqlı narazılıq yaradacaq və müxtəlif xoşagəlməz hallara yol açılacaq. “Ay tanışlıqla keçdi”, filan, bəhmən… 

Çoxları inanmayacaq ki, gələn həqiqətən növbəsində gəlib. Yaxşı olardı ki, ikili növbə tətbiq edilsin. Onlayn sistemlə xəstə qəbulu başqa olmalıdır, canlı xəstə qəbulu başqa olmalıdır. Bir həkimin eyni vaxtda iki cür xəstə qəbul etməsi çətin olacaq. Ona görə də növbəli şəkildə həkimlər bir gün canlı, digər günsə onlayn xəstə qəbul etsələr daha yaxşı olar”. 

Aydın Əliyev qəbuldakı sıxlıq problemi barəsində də danışıb:

“Abşeron yarımadasındakı tibb müəssislələrinin həddən ziyadə çox yüklənməsinin səbəbi regionlardakı insanların burdakı xəstəxana və poliklinikalara üz tutmasıdır. İş axtarmaq məqsədi ilə Bakıya gələn rayon sakini xəstələnəndə təbii ki, burada həkimə getmək məcburiyyətindədir. Üstəlik, bir çox tibbi xidmətlər regionlarda deyil, Abşeron yarımadasında təmərküzləşib. Ona görə də tibb müəssislələrində həddən ziyadə sıxlıq var”. 

Sədr müavini növbənin çox olmasının bir səbəbini də mütəxəssis çatışmazlığında görür:

“Qaydaya görə bir həkim gün ərzində 20-dən artıq xəstəyə baxa bilməz. Amma hazırda elə həkimlər var ki, gün ərzində 30-35 xəstəyə baxırlar. Buda onunla bağlıdır ki, tələblə təklif uzlaşmır. Gələn xəstələri qəbul edə biləcək həkimlər yoxdur. Həkim çatışmazlığı səbəbindən də növbələr yaranır. 

Səhiyyə Nazirliyinin və TƏBİB-in tabeçiliyində olan tibb müəssisələrindəki vakansiyalar barədə məlumat almaq çox çətindir. Bu məsələdə şəffaflıq təmin edilməlidir. Həkimlərin sayı artırılmalıdır ki, gələn xəstələrə vaxtında və keyfiyyətli tibbi xidmət göstərilsin”.

Surxay Atakişiyev, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin