Adı olub, özü olmayan Şəki küçələri

Hazırda oxunan: Adı olub, özü olmayan Şəki küçələri

170435

Şəkidə hər məhəllə, hər küçənin tarixi adı bu gün də qorunur. Lakin müasir şəhərsalma qaydalarına əsasən küçə, prospekt və meydanların rəsmi adı və ünvanı olmalıdır. Əfsuslar ki, bu qədim şəhərdə küçə və meydanlara verilən adlar və onları bildirən tanıdıcı lövhələrin əksəriyyəti  yerində deyil ya da vurulmayıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 80 minə yaxın əhalisi olan şəhər ərazisində əhalinin və nəqliyyatın daha çox istifadə edildiyi ünvanlarda sakinlər əsasən qəza və fövqəladə vəziyyətlərdə bir çox çətinliklə qarşılaşır. 

“Hansısa bir hadisə olanda təcili tibbi yardım çağıranda o ünvanı tanımır. Cüyümlərə gəl yaxud da məhkəmənin qarşısına gəl. Tam olaraq ünvan, küçələrdə adlar yoxdur”.

Bu fikirlər şəhər sakini Elşən Məhərrəmova məxsusdur. Elşən ailəsi ilə şəhərin mərkəzi küçələrindən birində yaşayır. Bu küçə Şəkinin ən gediş-gəlişli, küçələrin kəsişdiyi, insanların çox məskunlaşdığı Salman Mümtaz küçəsidir ki, burada ünvan yazılan nəsə gözə dəymir. Küçə sakinləri hər dəfə hansı bir hadisə yaxud çağırış olanda mütləq prospektin başına ya küçənin başlanğıcına gəlmək məcburiyyətində qalırlar. 


Sakinlər təcili tibbi yardım yaxud yanğın hadisləri zamanı qarşılaşdıqları problemləri belə izah edir. 

Digər şəhər sakini Xatirə Abdulkərimovanı dinləyirik. “Bəli küçəmizin adı var, bir yerə gedəndə yazdırırıq. Amma bir insan, ya təcili yardım çağıranda deyirik ki, Anar marketin aralığından içəriyə, çaylağa doğru gəlin”. Qadın onu da əlavə edir ki, dəfələrlə belə neqativ hal yaşanıb və hər dəfəsində məcbur qalıb xəstəni özləri həkimə çatdırıblar ki, bu da ölüm risqini artırır. 

Şəki sakinlərinin “Üç güyümlər” adlandırdığı meydanın rəsmi adı “Sülh meydanı”dır. Bu meydan bir neçə küçəni, Məmməd Emin Rəsulzadə, Sabit Rəhman, Rasim Ocaqov və Məzahir Abbasov küçələrini birləşdirir. Qeyd olunan adlardan yalnız ikisinin lövhəsi yazılıb. Digərlərinin isə adı və  ünvanı yoxdur.
“Sülh meydanı”nda ad və ünvanı görməyincə üz tuturuq Məmməd Emin Rəsulzadə küçəsi boyu hərəkətə. Gözümüzə ünvanlar dəymir. Bu dəfə isə Salman Mümtaz küçəsi ilə parallel olan küçələri nəzərdən keçiririk. Təssüf ki, burada da heç bir yazılı ünvana rast gəlmirik. “Sülh meydanı”nda tanınmış konorejissor Rasim Ocaqovun baralyefi və küçənin başlanğıcında adı yazılan lövhə olsada sonradan heç bir tanıdıcı nişan yoxdur. Eləcə də Sabit Rəhman küçəsinin başlanğıcında dahi dramaturqun baralyefi göz oxşasa da küçənin sonuna kimi heç bir ünvan lövhəyə təsadüf edilmir. 


Məsələ ilə əlaqədar Şəki şəhər icra hakimiyyətinə sorğu ünvanladıq. Bildirildi ki, Şəki şəhəri ərazisində küçə və prospektlərdə ünvan lövhələrinin mövcudluğunu müəyyənləşdirmək məqsədilə mütəmadi monitorinqlər keçirilir və bu məsələ daim nəzarətdə saxlanılır.

Yeni ünvan lövhələrinin “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na uyğun olaraq hazırlanıb yerləşdirilməsi, köhnəlmiş və sıradan çıxmış lövhələrin yeniləri ilə əvəzlənməsi işləri üçün yaranmış maliyyə tələbatına dair təkliflər aidiyyəti nazirliyə təqdim edilib. 
Açıqlamadan belə nəticəyə gəlirik  ki, maliyyə vəsaiti nə vaxt olarsa, ünvanlar da o zaman öz əksini tapacaq. Buna kimi isə nə qədər yanlış ünvanlara, yanlış evlərə çağırış olacaq onu bir sakinlər bir də bu ünvana gedib küçə və döngələr axtaran, əziyyətni çəkənlər biləcək.








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin