“Mixaylo” 4 ildir Azərbaycan səfirliyinin “qəbuluna düşə bilmir”... – FOTO  

Hazırda oxunan: “Mixaylo” 4 ildir Azərbaycan səfirliyinin “qəbuluna düşə bilmir”... – FOTO  

170272

Bəzən insanı ölkəsinə görə tanıyarlar, bəzən də ölkəni insanına görə. İkincilər nadir şəxsiyyətlərdir və həyatları boyu öz xalqına xidmət etdikləri kimi, ölümdən sonra da bu xidməti davam edir, xüsusilə mənsub olduğu xalqı, ölkəni tanıtmaq baxımındır...  

Əgər siz Sloveniyada “Azərbaycandanam” desəniz sizi tanıyacaq, hörmət edəcəklər. Çünki bu ölkədə məşhur azərbaycanlı “Mixaylo” dillər əzbəridir. 

Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, “Mixaylo” ləqəbli Azərbaycanlı partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə ölümündən sonra da Azərbaycana xidmət edir, II Dünya müharibəsindən 78 il keçməsinə baxmayaraq, “Mixaylo” döyüşdüyü Avropa ölkələrində Azərbaycanın, azərbaycanlıların vizit kartlarından biridir.  

Bu qürurla səfər etdiyim Sloveniyada hörmət və minnətdarlıqla qarşılanmağımda da “Mixaylo”nun payı az deyil.

Ancaq Mehdi Hüseynzadənin abidəsinin qoyulduğu Maribor şəhərində heç də ürəkaçan mənzərə ilə qarşılaşmadım. Təqribən 3-4 ildir ki, qoyulan abidə faktiki baxımsız vəziyyətdədir, nə heykəlin özünün, nə də ətrafının baxımı həyata keçirilmir. “Mixaylo” unudulmuş, atılmış şəkildə oradan boylanmaqdadır. 


Bu abidə 2015-ci ildə ucaldılıb. Ancaq son 4 ildir ki, abidəyə diqqət göstərən yoxdur. Qısa müddət ərzində abidənin vəziyyəti acınacaqlı hala düşüb. Bu necə ola bilər axı? Abidə açılır, təqdimat olunur, səfir dəyişir, sonra abidənin başına nə işə gəldi, hansı vəziyyətə düşdü, Azərbaycan səfirliyi üçün maraqlı deyilmi?

Məhz bu səbəbdən də qürur hissi ilə Sloveniyaya səfər edən hər bir azərbaycanlı Mehdi Hüseynzadənin abidəsini görəndə xəcalət hissinə bürünəcək, əmin olun!

Çünki eyni hissi mən yaşadım. Baxımsız vəziyyətdə olan abidənin ətrafını ot-alaq basıb, işıqlandırılması isə borca görə dayandırılıb. Orada olarkən, əlimdən gələni etdim, abidənin ətrafını təmizlədim, kiçik də olsa abadlaşdırmağa çalışdım...  

Bu gün – 22 dekabr Mehdi Hüseynzadənin doğum günüdür, ən azı ruhunun şad olması, həm də adı dillər əzbəri olan azərbaycanlı oğulun abidəsinə baxıb, Azərbaycan haqqında pis düşünməsinlər deyə nələrsə etməyə cəhd göstərdim. Lakin bununla iş bitmir, məsələ səfirliyimiz tərəfindən nəzarətə götürülməli və təcili olaraq abidənin və ətradının abadlaşdırılması təmin edilməlidir. Həm də bundan sonra daim nəzarətdə saxlanılmaldır.  


Görünür, Azərbaycan səfirliyinin başı qarışıb şəxsi məsələlərə, nə Mehdi Hüseynzadəni düşünürlər, nə də əcənəbilərin ölkəmizlə bağlı olan rəylərini. Üzləşdiyim mənzərədən çıxan nəticə budur. 

Mənə ən pis təsir edən isə qonağı olduğum dostum, Sloveniya Parlamentinin keçmiş deputatı, Kunquta şəhər merinin müavini Rudi Matjasicin mənə irad bildirməsi idi.

Rudi Matjasic bildirdi ki, artıq 3-4 ildir səfirlik abidə ilə maraqlanmır, elektrik enerjisinin pulu isə 4 ildir ödənilmir, borc yaranıb. Ona görə də abidənin önündəki elektron məlumat lövhəsi işləmir. Əslində, bu irad hər birimiz üçün, ümumilikdə Azərbaycan üçün söylənilib. Belə görünür ki, səfiriliyimizin yarıtmaz fəaliyyətinə görə ölkəmiz haqqında öz şəxsiyyətlərinə sahib çıxmayan imici yaranıb.  

Onu da bildirim ki, Rudi Matjasic Azərbaycanı təmənnasız sevən avropalı dostlarındandır. O, indiyə qədər erməni yalanlarının ifşası və Xocalı həqiqətlərinin Avropada tanıdılması ilə bağlı Azərbaycan dövləti üçün böyük işlər görüb. Onun təşəbbüsü ilə Mərkəzi Avropada ilk və son dəfə Xocalı faciəsi terror aktı kimi parlament səviyyəsində tanınıb və pislənilib. Erməni lobbisinin güclü olduğu Avropada bu qədər cəsarətli siyasi mövqe sərgiləmək elə də asan məsələ deyil.  


Rudi Matjasic mənimlə söhbətində bildirdi ki, Xocalı faciəsinin tanıdılması ilə bağlı Sloveniya Parlamentində qəbul edilən qərardan sonra erməni lobbisinin ciddi təzyiqləri ilə üzləşir.

Belə bir adamın iradı da təbii ki, dost iradıdır və Azərbaycanı sevdiyi üçün o da narahatdır. Azərbaycanın böyük dostunun - Rudi Matjasicin Mehdi Hüseynzadənin abidəsinin baxımsız vəziyyətdə qalması ilə bağlı iradlarını dinləmək lazımdır.

Yaxşı olardı ki, Azərbaycan səfirliyi 22 dekabrda - Mehdi Hüseynzadənin ad günündə onun abidəsinin adablıq işlərini həyata keçirməyə başlasın, utancverici mənzərəni aradan qaldırsın. Əks təqdirdə, bu təkcə səfirliyimiz üçün yox, Azərbaycanımız üçün başıucalıq gətirməyəcək. 

Gördüklərimdən bir nəticəni çıxardım. Mehdi Hüseynzadənin qəhrəmanlığını əks etdirən filmdə deyildiyi kimi, “Mixaylo şəhərdədir”, amma 4 ildir ki, Azərbaycan səfirliyinin “qəbuluna düşə bilmir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin