Azərbaycan Qafqaz Müsəlmanları Dini İdarəsinin (QMİ) rəhbəri Allahşükür Paşazadə Türkiyədə İstanbul Patriarxı Varfolomeylə görüşüb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “haberler.com” saytı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Allahşükür Paşazadə İstanbulda Patriarx Varfolomey ilə görüşdü
Mənbə bildirir ki, Balatda reallaşan görüşdə əlaqələri gücləndirmək və birlikdə çalışmaq istəyi dilə gətirilib.
Patriarx deyib ki, Türkiyəyə səfəri çərçivəsində Paşazadənin İstanbulda olmasından məmnundur. O, şeyxlə uzun illərdir təmasda olduğunu xatırladıb.
Paşazadə isə öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Patriarxa çatdırıb.
Dinlərin qardaş və dostcasına yaşaya bilməsi üçün Qafqaz da daxil olmaqla Azərbaycanın bütün dünyada sülhün tərəfdarı olduğunu vurğulayan Paşazadə əlavə edib ki, rəsmi Bakı Qarabağda zəfər qazandıqdan sonra da insanların dinc və rahat yaşamasına çalışacaq.
“Sizi ən qısa müddətdə Azərbaycana dəvət edirik. Birlikdə kilsələri, kafedralları və məscidləri ziyarət edəcəyik. Hər zaman sağlamlığınız üçün dua edirik. Dinlərarası hörmət, qardaşlıq və dialoqu qorumaq və inkişaf etdirmək üçün əlimizdən gələni edəcəyik”, deyə QMİ-nin sədri qeyd edib.
Paşazadə tədbirdə iştirak edən Kadıköyün yeni metropoliti Emanuil Adamakisə sağlamlıq və uğurlar diləyib.
Patriarx Varfolomey ziyarətin onu şərəfləndirdiyini vurğulayıb:
"Dinlər və sivilizasiyalar arasındakı dialoqu gücləndirmək istəyirik. Bunun üçün hər zaman birlikdə çalışmağa hazırıq. Bizə şərəf verdiniz, xoşbəxt etdiniz. Allah bu qiyamətdə bütün insanlara xeyir-dua versin. Bizi unutmadığınız üçün çox sağ olun. Hər zaman sağlamlığınız üçün dua edirik. Sağlamlıq çox qiymətli və dəyərlidir. Qafqaz müsəlmanları üçün deyil, bütün insanlar üçün vacibdir. Sizə uzun ömür arzulayıram. Gələcəkdə yenidən görüşüb birlikdə çalışa bilərik. Türkcə danışa bildiyimiz üçün xoşbəxtik”.
Bizim.Media