Paytaxtın illərdir bitməyən “xəstəliyi” var. Söhbət Bakının kanalizasiya problemindən gedir.
Məhəmməd peyğəmbərin bu mövzuda dillər əzbəri olan bir hədisi var: “Təmizlik imandan gəlir...”
Belə çıxır ki, biz dildə imanlıyıq, əməldə yox?
İllərdir ki, Bakıya “üç-beş” damcı yağış düşən kimi şəhər Venesiyanı xatırladır. Əksər qəsəbələrdə və Bakıətrafı ərazilərdə yağışlı havalarda hərəkət çətinləşir, gölməçələrin sayı artır.
Bəs, problemin əsl səbəbi nədir?
Bizim.Media mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib. Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovun fikrincə, Bakının kanalizasiya ilə bağlı problemi SSRİ dövründən bizə miras qalıb:
“SSRİ-yə daxil olan digər böyük paytaxt şəhərlərinə baxsaq, görərik ki, ənənəvi problem hər bir ərazidə var. Bakı şəhərinin kanalizasiya problemi XIX-cu əsrin əvvəllərində yaradılmış sistemə əsaslanır. Bütün qoşulmalar bu sistem üzərindən aparılır.
İkinci Dünya müharibəsinin əvvəlində genişləndirilmiş sistem qurmaq ideyası var idi. Müharibə başladıqdan sonra bu ideya arxa plana keçdi. Daha sonra Bakı şəhərində metro çəkilişi, yeni xəttlərin açılması ön plana keçdi, artıq sözügedən məsələ unuduldu”.
Ekspertin sözlərinə görə böyük vəsaiti yağış sularının axıdılmasına yönəltmək iqtisadi cəhətdən səmərəli deyil:
“İllər ərzində bu problem Bakıətrafı qəsəbələri əhatə etsə də, şəhərin mərkəzə yaxın ərazilərində və 1960-1970-ci illərdə salınmış küçə və prospektlərdə özünü qabarıq göstərir. Kanalizasiya sistemi olan ərazilər də yükü götürə bilmir. Çünki zəruri yük limiti var”.
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev isə əks fikirdədir:
“Bakının məişət kanalizasiyası sistemi tam şəhəri əhatə etmir. Yağış sularını idarəetmə sistemi isə 17-22 faiz şəhər ərazisini əhatə edir. Bütün küçə və prospektlərdə bu sistem yoxdur, ancaq olmalıdır. Yağış sularını idarəetmə sistemini əhatə edən küçə və prospektlər də məişət kanalizasiyasını təmin edir, yağış sularını yox...
Hər bir yolun hərəkət hissəsinə sahəsinə əsasən, orada yığılacaq suyun miqdarına uyğun bu sistem hesablanır. Amma bizdə son illərdə yolun hərəkət hissəsi genişləndirildiyi halda altındakı yağış sularını idarəetmə sistemi yenilənməyib və genişlənməyib. Bu da başqa bir fəsaddır.
Bu sistemin qurulması bahalı olsa da, vacibdir. Bunu etmək lazımdır, çünki gələcəkdə başqa bir fəsada yol aça bilər. Düşünürəm ki, investisiya cəlb edib, bu işləri icra etmək lazımdır”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:00 / 16.12.2023
Paytaxtın kanalizasiya DƏRDİ – Bakı niyə yağışa məğlub olur?
Hazırda oxunan: Paytaxtın kanalizasiya DƏRDİ – Bakı niyə yağışa məğlub olur?
Hazırda oxunan: Paytaxtın kanalizasiya DƏRDİ – Bakı niyə yağışa məğlub olur?
169192
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.